Füzulidən olan daha 22 ailə doğma yurduna qovuşub və mənzillərinin açarlarını təhvil alıb
Sosial həyat

Füzulidən olan daha 22 ailə doğma yurduna qovuşub və mənzillərinin açarlarını təhvil alıb

İşğaldan azad olunan Füzuliyə sakinlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan 22 ailə Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 22 ailə olmaqla, 59 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar doğma yurda qovuşmağın sevinc hisslərini yaşayıb, öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.

***

Füzuliyə qayıdan daha 22 ailə Azərbaycan dövləti tərəfindən tikilən mənzillərinin açarlarını təhvil alıblar.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Bununla da Füzuli şəhərində 187 ailə olmaqla, 661 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.