Forpostun Avropa arzusu puç olacaq
Siyasət

Forpostun Avropa arzusu puç olacaq

Rəsmi İrəvan Avropa İttifaqı ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan açıqlama verərək bildirib ki, prosesin iyulda tamamlanması planlaşdırılır.

Bu barədə detallı məlumat yayılmasa da, xatırlatmaq lazımdır ki, bir neçə gün öncə Avropa Parlamentində Ermənistanın Avropa İttifaqına üzvlük imkanlarının müzakirəsini təklif edən qətnamə qəbul olunub. Sənədin lehinə 504, əleyhinə 4 deputat səs verib. 32 nəfər isə bitərəf qalıb. Daha sonra alyansın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib ki, İrəvan üzv olmaq üçün müraciət edə bilər, ölkələrin öz xalqlarına daha yaxşı gələcək təmin etmək üçün səy göstərmək hüququ var və bunda sərbəstdirlər.

O, Avropa İttifaqının qapılarının Ermənistana açıq olub-olmaması sualını cavablandırarkən bildirib ki, istənilən ölkənin təqdim etdiyi ərizəyə dərhal üzv dövlətlər tərəfindən baxılır və sonra müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul olunur. Bundan əvvəl də baş nazir Nikol Paşinyanın hakim partiyanın deputatlarına göstəriş verdiyinə dair xəbərlər yayılmışdı. Bildirilirdi ki, sözügedən tapşırığa əsasən siyasətçilər İrəvanın alyansa üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı müraciət etməlidilər. Hətta iddialara görə, hökumət rəhbəri bunun üçün vaxt da qoyub, məsələni 2024-cü ilin payızından gec olmayaraq həll etməyi tapşırıb. Buradan aydın olur ki, prosesdə hər iki tərəf maraqlıdır. Ona görə də hazırda Avropa İttifaqı ilə Ermənistan danışıqlarda olsa da oyun nümayiş etdirir. "Qoca qitə" İrəvanı öz sıralarına cəlb etmək istəyir və bu, Paşinyan hökumətinin əldə etdiyi hansısa nailiyyət və ya tarixi bağlılıq, səmimi müttəfiqlik hesabına deyil. Kollektiv Qərbin Ermənistana güzəştə getməsinin yeganə səbəbi Rusiyadır. Belə ki, Avropa dövlətləri və Birləşmiş Ştatlar Ukraynada müharibə başladıqdan dərhal sonra rəsmi Moskvanın başının qarışmasından istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək üçün addımlar atmağa başladılar. Onlar əvvəlcə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştiraka təkid etdilər, bu mümkün olmadıqda isə İrəvanı silahlandırmaqla regiondakı hərbi varlıqlarını möhkəmləndirməyi üstün tutdular və bu prosesin məntiqi davamı olaraq Paşinyan Administrasiyasına Avropa vədi verdilər. Doğrudur, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentinin xarici əlaqələr komitəsinin keçirilən iclasında çıxışı zamanı bildirib ki, Ermənistan hər hansı ölkəyə qarşı heç bir planda iştirak etmir. Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi də qonşu ölkələrə qarşı istifadə üçün nəzərdə tutulmur. Məqsəd yalnız daxili və xarici təhlükəsizlik zəmanətlərini artırmaqdır. Amma bu açıqlama heç də səmimi hesab oluna bilməz. Çünki İrəvan açıq-aşkar Moskvadan uzaqlaşmaq üçün Qərbin planını icra edir. Əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlim və toplantılarında iştirak etməyən Ermənistanda indi rus sərhədçilərinin ölkədən çıxarılması haqqında danışırlar. Hökumət rəsmilərinin verdiyi məlumata görə, avqustun 1-dən etibarən erməni sərhədçiləri "Zvatnots" hava limanında xidmətə başlayacaqlar. Gedişatı yaxından izləyən Kreml də Ermənistanın Avropa İttifaqına üzvlük planının ona qarşı olduğunu açıq hiss edir. Baş verənləri şərh edən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin vurğulayıb ki, Qərb tərəfindən İrəvana dəvət göndərilməsi Ermənistanın özünün dəyəri ilə bağlı deyil. "Qoca qitə" sadəcə Paşinyan hakimiyyətinin rusofob davranışından şəxsi məqsədləri naminə istifadə edir.

Qərbin Cənubi Qafqaz siyasəti fonunda Paşinyan hakimiyyətini şirnikləndirmək üçün alyansa üzvlük prosesi yəqin ki, nə vaxtsa reallaşa bilər. Xüsusilə də nəzərə alsaq ki, Ermənistan əhalisi çox deyil, o zaman bu məsələ kollektiv Qərb üçün ciddi təhlükə yaratmır. Üzvlük üçün Avropa İttifaqının standartlarına uyğun olmaq lazımdır və məsələn, təşkilata daxil olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. Ermənistan isə Asiya qitəsinə aid olduğundan bu tələbə cavab vermir. Doğrudur, bu halda təşkilata üzvlük statusu alanlar var. Məsələn, Gürcüstan Avropadan uzaqda yerləşir. Amma rəsmi Tbilisi qurumun tələb etdiyi bütün islahatları yerinə yetirib. Amma İrəvan heç digər tələbləri də yerinə yetirə bilmir. Belə ki, bu ölkənin sərhədlərini hələ də Rusiya hərbçiləri qoruyur. Üstəlik, ölkənin azad və güclü iqtisadiyyatı da yoxdur. Bütün bunları nəzərə alanda aydın olur ki, yaxın gələcəkdə Ermənistanın bayrağı Avropa İttifaqı qarşısında görünməyəcək. Amma görünən odur ki, bu istiqamətdə tezislər hələ çox səsləndiriləcək. Çünki Qərb bu amildən Kremlə meydan oxumaq üçün istifadə edir, rəsmi İrəvan isə bir növ cəmiyyətdə reytinqini yüksəltməyə çalışır.

Jalə QASIMZADƏ,

"Respublika".