Fransa anti-Azərbaycan koalisiyasında mühüm müttəfiqdən məhrum oldu
Siyasət

Fransa anti-Azərbaycan koalisiyasında mühüm müttəfiqdən məhrum oldu

Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi yaxşı bir nəticədir.

Bildiyimiz kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin Fransanın təhriki ilə pozulması və fevralın əvvəllərindən yenidən təxribatların törədilməsi fonunda  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri prosesin yenidən başlanması barədə təlimat vermişdilər. Lakin Cənubi Qafqazda münaqişələrə özünün maraqlarının müdafiəsi imkanı kimi baxan, Azərbaycan və Ermənistan arasında sülhə birmənalı şəkildə olan Fransa amili yenidən meydana çıxıb. Belə ki, prezident Makron dərhal Paşinyanı Parisə çağıraraq prosesin pozulmasını tələb etdi, Ermənistana açıq formada hücum silahları vəd verdi. Paris görüşünün ardınca da Paşinyan Azərbaycanla sülh prosesinin mümkünsüz olması barədə bəyanat səsləndirdi. Bütün bunların fonunda Berlində hər iki ölkənin xarici işlər nazirləri arasında Azərbaycan və Ermənistan arasında normallaşma, sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə olunması Fransanın İrəvan üçün müəyyən etdiyi antisülh direktivlərinin iflası deməkdir.

Digər tərəfdən bir müddət öncəyə qədər biz Fransanın təşkilatçılığı ilə başlanan səlib yürüşündə Almaniyanı da Parislə bir cərgədə görürdük, lakin artıq Berlinin sülh prosesində təşəbbüsləri dəstəkləməsi Fransanın anti-Azərbaycan koalisiyada mühüm müttəfiqindən məhrum olması deməkdir. Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə də bildirdiyi kimi, "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır". Rəsmi Berlin artıq Parisdən fərqli olaraq o qənaətdədir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür. Bu, dünyanın nüvə gücünə sahib, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkənin lideri Emmanuel Makronun cənab İlham Əliyevə növbəti dəfə məğlub olması deməkdir.

Danışıqlarda mahiyyəti üzrə nəticələrə gəlincə, Azərbaycanın mövqeyi dəyişməzdir. Prezident İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bəyan etdiyi kimi, "Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir".

Berlində də Azərbaycan məhz bu tezislə hərəkət edir və Ermənistanın konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Ən nəhayət, məlumdur ki, cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində bəyan etmişdi ki, "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir". Həmçinin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla Münxendə görüşü zamanı dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını bildirmişdi. Berlin görüşü bu mənada məhz Azərbaycan Prezidentinin direktivlərinin ehtiva olunduğu formatdır və Almaniya prosesdə vasitəçi kimi yox, sadəcə görüşün təşəbbüskarı kimi çıxış edir. Yəni indiki halda Azərbaycan və Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" yalnız Bakı və İrəvanın iradəsində ehtiva olunur və artıq beynəlxalq gündəliyin mövzusu deyil.                       

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.