Siyasət

"Qəlbinizdə nə var, biz bilirik"

Beynəlxalq ictimaiyyət postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqaz regionunda baş verən prosesləri maraqla izləyir. Xüsusilə də Azərbaycan ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi regionun siyasi gündəminin aktual mövzularından biridir. Burada əsas məqamlardan biri də normallaşma prosesinin üçüncü tərəflərə lüzum görülmədən həyata keçirilməsidir. Fevralın 17-də Münxendə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş bir daha göstərdi ki, münasibətlərin normallaşması üçün aparılan danışıqlarda vasitəçilərə heç bir ehtiyac duyulmur.

Lakin Cənubi Qafqazda hadisələrin bu istiqamətdə inkişafı qərəzli xarici qüvvələri heç də qane etmir. Buna görə də bəzi dövlətlər məsələni süni şəkildə şişirdib "problem" kimi qələmə vermək, "vasitəçi" adı ilə yenidən bölgədəki hadisələrə müdaxilə etmək istəyirlər. 30 il müddətində Ermənistan ilə Azərbaycan arasında münaqişənin danışıqlar yolu ilə həll olunmamasında məhz qərəzli, ikili standart siyasəti yürüdən vasitəçilərin səmərəsiz fəaliyyəti danılmaz reallıqdır. ATƏT-in keçmiş Minsk qrupu münaqişənin nizamlanması istiqamətində faydalı heç bir iş görmür, sadəcə, prosesin sonsuzadək davam etməsinə səy göstərir, Azərbaycanın torpaqlarının işğalı ilə barışmasına çalışırdı.

Konkret olaraq münaqişənin danışıqlar vasitəsilə həlli üçün vasitəçiliyi öz boynuna götürən ATƏT-in keçmiş Minsk qrupunun 28 il ərzində fəaliyyətsizliyi nəticəsində bu istiqamətdə irəliyə doğru bir addım belə atılmadı. Əksinə, Ermənistanın xeyrinə olaraq münaqişənin dondurulması üçün xeyli çabalar göstərildi.

Bir başqa gerçəklik isə ondan ibarətdir ki, əgər keçmiş Minsk qrupu zamanında öz mandatına uyğun fəaliyyət göstərsəydi, heç 44 günlük Vətən müharibəsi də olmayacaqdı.

Artıq Qarabağ problemi yoxdur. Qarşıdakı mərhələ ilə bağlı isə rəsmi Bakının yanaşması bəllidir. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında bu barədə danışarkən bildirib: "Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun".

Aydın məsələdir ki, Ermənistan üçün yeganə çıxış yolu siyasi sabotajlardan və təxribatlardan əl çəkməkdir. Daha dəqiq desək, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün konstruktiv mövqe nümayiş etdirilməlidir. Lüzumsuz bəyanatlar səsləndirmək və ya ön şərt irəli sürmək, prosesə üçüncü qüvvələrin daxil olması barədə danışmaq İrəvana siyasi və iqtisadi itkilər bahasına başa gəlir. Bəzi ekspertlər hesab edirlər ki, İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin Ermənistanın bu siyasəti əslində, itirməkdir, bir tərəfdən də iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla hər hansı bir müzakirədə kimlərinsə iştirakına ehtiyac yoxdur. Biz ikilikdə də danışıb bütün suallara aydınlıq gətirə bilərik.

Azərbaycan postmünaqişə dövründə iki ölkə arasında münasibətlərin normallaşmasına nail olunması üçün fəal iş aparır. Qərəzli yanaşmalarına görə bu prosesdən kənarda qalan Fransa və bəzi xarici qüvvələr Azərbaycan-Ermənistan arasında danışıqları "şişirdir", prosesə mane olmağa çalışırlar. Bu məqsədlə  məkrli yollar axtarır, riyakar planlar cızırlar. Gah artıq həll olunmuş və tarixin arxivinə göndərilmiş  münaqişədən dəm vurur, gah da ehtiyac olmadığı halda Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesində vasitəçi kimi iştirak etmək istəyirlər. Ancaq andiçmə mərasimində dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, Azərbaycan çirkin niyyətləri gün kimi ortada olan "vasitəçi"lərin qərəzli oyunlarına heç zaman imkan verməyəcək. Vasitəçi olmaq üçün gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən...

Aiza ŞABANOVA,

"Respublika".