Fransa Ermənistanla əlaqələri genişləndirməyə çalışır
Siyasət

Fransa Ermənistanla əlaqələri genişləndirməyə çalışır

Fransa mədəniyyət nazirinin Ermənistana səfərinin son dövrlər bu ölkənin Hayastana artan marağı fonunda baş verdiyi hər kəsə məlumdur. Nəzərə almaq lazımdır ki, bir neçə gün öncə Fransa müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasında Ermənistana raket sistemlərinin verilməsi ilə bağlı müqavilə imzalandı. Absurd şəkildə açıqlandı ki, guya Azərbaycan və Türkiyənin təlimlərindən ehtiyat edərək bu yola əl atdılar.

Fransa ilə Ermənistan arasında mədəni əlaqələrə gəlincə isə yaxşı bilirik ki, erməni lobbisinin güclü olduğu dövlətlərdən biri də Fransadır. Hətta orada onların mədəniyyət mərkəzləri də fəaliyyət göstərir və erməni lobbisi mərkəzdə toplanan pulların Ermənistan büdcəsinə ötürülməsini həyata keçirir. Fransanın ictimai-siyasi həyatında erməni lobbisinin çox güclü təsiri var. Görünür, Ermənistanda Rusiyadan qalan boşluğu Fransa doldurmağa çalışır. Eyni zamanda, Ermənistan hökuməti daha çox Qərblə əməkdaşlığa üstünlük verir. Fransa mədəniyyət nazirinin Ermənistana səfərinin arxasında isə həm hərbi, həm mədəni sahədə əməkdaşlığın dərinləşdirilməsi məsələsi dayanır. Məlumata görə, bu gün Fransada təhsil alan erməni gənclərinin sayı 15 mindən yuxarıdır. Görünür ki, burada məqsəd Fransanı Cənubi Qafqazda söz sahibinə çevirmək cəhdidir. Amma bu, ancaq Ermənistan daxilində ola bilər. Bunun Azərbaycana və Gürcüstana təsir edə bilməsi mümkün deyil.

Samir HÜMBƏTOV,

politoloq.