Fransa münasibətləri daha da gərginləşdirir
Siyasət

Fransa münasibətləri daha da gərginləşdirir

Çox təəssüf ki, Fransa Cənubi Qafqazda qərəzli siyasətini davam etdirməkdə maraqlıdır. Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırması Fransa hökumətinin xarici siyasətinin qərəzli olduğunu bir daha sübut edir. Rəsmi Parisin son illərdə beynəlxalq münasibətlər sistemində nüfuzu daha da zəifləyib. Faktiki olaraq Makron Fransa diplomatiyasını iflic vəziyyətə salıb. Makron hökuməti Fransanı böyük güclər qarşısında sanki bir alətə çevirib. Hazırda Azərbaycan-Fransa münasibətlərinin soyuq olmasının ən əsas səbəbkarı və günahkarı da məhz Makrondur.

Azərbaycan həmişə qarşılıqlı etimad əsasında münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə maraq göstərib. Bu gün isə Fransa etimadı doğrulda bilmir. Açıq şəkildə ədalətsiz mövqe sərgiləyir və uzun illər işğalçılıq siyasəti həyata keçirmiş Ermənistanı dəstəkləyir və bundan istifadə edərək Cənubi Qafqazda möhkəmlənmək istəyir. Öz maraqlarını həyata keçirmək naminə Ermənistan-Azərbaycan münasibətlərində normallaşmanın qarşısını almaq mövqeyini güdür. Dörd ilə yaxın müddətdə sülh əldə olunmayıb. Bunun əsas günahkarlarından biri də Fransadır.  Açıq görünür ki, Fransa Ermənistanı qızışdırır, süni olaraq cəsarətləndirir, silahlandırır və faktiki olaraq sülh prosesini ləngidir. Bu baxımdan, Fransa səfirinin məsləhətləşmələr üçün geri çağırılması həmin ölkənin öz problemidir. Düşünürəm ki, bu, münasibətləri daha da gərginləşdirə bilər. Ancaq istənilən halda Azərbaycan haqq yolundadır, regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında maraqlıdır. Bunun üçün də öz tərəfdaşları və strateji müttəfiqləri ilə birlikdə hədəfə doğru inamla addımlayır.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.