Fransada kütləvi itaətsizlik dalğası
Dünya xəbərləri

Fransada kütləvi itaətsizlik dalğası

İyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin irqi ayrıseçkilik zəmində amansızlıqla qətlə yetirilib. Polis hadisəni törətdikdən sonra saxlanılsa da, hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında toqquşmalar başlayıb. Hazırda ölkədə kütləvi itaətsizlik hökm sürür. Aksiyalarda təhlükəsizlik orqanlarının əməkdaşları əhaliyə qarşı rezin güllələrdən istifadə edirlər. Bundan qıcıqlanan nümayişçilər isə avtomobilləri və zibil yeşiklərini yandırırlar. Etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd edirlər. Davam edən və toqquşmalarla müşayiət olunan etiraz aksiyalarında saxlanılanların sayı durmadan artır. Hadisələrlə əlaqədar iyulun 3-dək komendant saatı elan edilib.

Bu hadisələrin fonunda isə Yelisey hökuməti xalqın gözündə etimadı tam olaraq itirib. Özünü demokratik dəyərlərin daşıyıcısı kimi dünyaya sırımaq istəyən Makron indi əsl diktator kimi davranır. Özünü  demokratik göstərməklə ikiüzlülük edir. Bu davranışı və hakimiyyəti ilə demokratiyanı, onun dəyərlərinin də dünya ictimaiyyətinin gözündən salır. Ona görə də cəmiyyət kütləvi itaətsizlik göstərir. Çünki ictimaiyyət anlayır ki, mövcud hakimiyyət Fransa cəmiyyətində irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirir. Nael 2023-cü ildə Fransada yol polisi tərəfindən dini ayrı-seçkilik zəmində öldürülən ikinci şəxsdir. Ötən il isə eyni səbəbdən 13 nəfər öldürülüb.

İki il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 Afrika mənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlara məruz qalırlar. Yəni dünyaya demokratiya dərsi keçməyə çalışan qərb ölkələrində çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar hökm sürür. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Fransada çəkiliş apararkən hücuma məruz qalmaları da bunun sübutudur. Müxbir və operatorun bədən xəsarətləri aldığı, silahla hədələndikləri bu hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə təzyiq hesab edilməlidir.

Toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışların unudulduğu Parisdə insan oğurluğu da aktualdır. Xatırlamaq lazımdır ki, əlcəzairli siyasi fəal Amira Buravi fransız diplomatların dəstəyi ilə ölkədən qeyri-qanuni yollarla oğurlanaraq Parisə aparılmışdı. Amma söhbət Yelisey sarayından gedəndə, heç nə təəccüblü qəbul edilməməlidir. Çünki bu, o Fransadır ki, tarixə müstəmləkəçi ölkə kimi düşüb və əsrlər boyu ərazilər zəbt etməklə məşğul olub, işğallar zamanı da ən böyük insan qırğınları elə Afrika qitəsində baş verib. Çox da uzaq olmayan tarixdə, ikinci dünya savaşından sonra Əlcəzairdə baş verən müstəqillik hərəkatı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Parisin ilk nüvə silahı da məhz bu ölkədə sınaqdan keçirilib. İndiki məqamda Makron Administrasiyasının yenidən Əlcəzairin daxili işlərinə qarışması Fransanın neomüstəmləkəçilik səyləri kimi başa düşülməlidir.

 Görəsən dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa nəyə görə bu dərslərdən özü yararlanmır, Yelisey sarayı ikiüzlü siyasət yürüdür. Qərbin müvafiq institutları isə Fransa hakimiyyətinin törətdiyi vəhşiliklərə hələ də susur. Bu isə onu deməyə əsas verir ki, öz gözündə tiri görməyib özgə gözündə tük axtaran ikiüzlülərin başqalarına demokratiya tövsiyələri verməyə mənəvi haqqı yoxdur.

Jalə QASIMZADƏ,

“Respublika”.