DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ UKRAYNAYA DƏSTƏYİNİ TAMAMİLƏ DAYANDIRA BİLƏR

“ABŞ Ukraynadakı müharibədən tamamilə çəkilə bilər”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur “Guardian” qəzetinə açıqlamasında bəyan edib.

Müdafiə nazirinin sözlərinə görə, hazırda ABŞ-ın oyundan çıxacağı təqdirdə Avropanın Ukraynaya dəstəyinin daha da gücləndirilməsi ilə bağlı fəal müzakirələr gedir. “Lakin Avropa ABŞ-ın hərbi dəstəyini əvəz edə bilməyəcək”, - deyə nazir əlavə edib.

Eyni zamanda, Estoniyanın müdafiə naziri qeyd edib ki, Kiyevə hərbi dəstək Avropa üçün prioritet olaraq qalır: “İndi Avropa İttifaqı ölkələri bütün ehtiyatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürməlidir”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski daha öncə bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Bununla yanaşı, bir müddət əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya-NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.

İSRAİLDƏN MÜSƏLMAN ÖLKƏSİNƏ SÜLH MESAJI

İsrailin iqtisadiyyat naziri Nir Barkat Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Səudiyyə Ərəbistanının ticarət və informasiya naziri Məcid bin Abdullah əl-Qəsabi ilə görüşüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “ayaqüstü” görüş Dünya Ticarət Təşkilatının nazirlər konfransı zamanı baş tutub.

Məlumata əsasən, Nir Barkat Məcid bin Abdullah əl-Qəsabiyə İsrailin sülh istəyən ölkələrlə sülhə hazır olduğunu bildirib. İsrail mediası həmçinin nazirlərin əl sıxaraq görüşdüklərinə diqqət çəkib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr mövcud deyil. Rəsmi Ər-Riyad bundan əvvəl 1967-ci il sərhədlərində müstəqil Fələstin dövləti qurulmadan və İsrail qüvvələri Qəzza zolağından çıxarılmadan İsraillə normallaşmanın mümkün olmayacağını açıqlayıb.

RUSİYA UKRAYNA İLƏ BAĞLI SÜLH KONFRANSINA DƏVƏT OLUNACAQ

Rusiya Ukrayna üzrə sülh konfransında iştirak etmək üçün İsveçrəyə dəvət olunacaq, lakin Rusiya nümayəndələrinin bu tədbirdə iştirakı ehtimalı azdır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu İsveçrənin xarici işlər naziri İnyasio Kassis bəyan edib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiyanın iştirakı olmadan Ukraynada sülh yolu ilə nizamlanma planlarının müzakirəsi qeyri-ciddi və gülüncdür.

“Yaxın bir neçə həftə və ya iki-üç ay ərzində sülh gətirəcək konfransın keçirilə biləcəyini güman etmək illüziya və sadəlövhlük olardı. Bu konfrans nazirlər səviyyəsində sülh axtarışı prosesini başlatmaq məqsədi daşıyır. Çətin ki, Rusiya bu ilk konfransda iştirak edəcək, lakin dəvət olunacaq. Digər tərəfdən, məqsəd odur ki, biz Rusiyanın iştirakı ilə bu yolda yaxınlaşa bilərik. Ona görə də bu yolda bir neçə addımda nələr baş verəcəyini təsəvvür etməliyik”, - deyə İsveçrənin XİN rəhbəri vurğulayıb.

Eyni zamanda, İnyasio Kassis əlavə edib ki, ilk konfrans İsveçrədə keçirilsə də, növbəti konfranslar başqa ölkələrdə, o cümlədən bəzi BRİKS ölkələrində baş tuta bilər.

NEPTUN VƏ URANIN ƏTRAFINDA YENİ PEYKLƏR AŞKAR EDİLİB

Astronomlar Neptun və Uranın ətrafında əvvəllər məlum olmayan peyklər aşkar ediblər. “TRT” telekanalının verdiyi xəbərə görə, Günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay adaları və Çilidə teleskoplar vasitəsilə müəyyən olunub.

Xəbər verilir ki, astronomlar Neptunun ətrafında fırlanan iki peykdən başqa Uranın ətrafında daha bir kiçik peykin olduğunu aşkar ediblər.

Eyni zamanda, Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.

Vaşinqtondakı Karnegi Elmi İnstitutunun astronomu Skot Şepard kiçik peykin təxminən 27 il ərzində Neptun ətrafında bir orbitini tamamladığını qeyd edib.

Məlumata əsasən, güman edilir ki, Uran ətrafında fırlanan və təxmini diametri 8 kilometr olan yeni peyk planetin peykləri arasında ən kiçiyidir.

MACARISTAN PARLAMENTİ YENİ PREZİDENTİ SEÇİB

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib. “Report” agentliyinin verdiyi xəbərə görə, Macarıstan parlamenti bundan əvvəl Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaş Şuyoku ölkənin yeni prezidenti təyin edib.

Məlumata əsasən, yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. Belə ki, 67 yaşlı Tamaş Şuyokun namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

Bildirilir ki, səsvermə zamanı bütün hökumətyönlü deputatlar Tamaş Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.

Qeyd edək ki, bundan öncə Macarıstan parlamenti prezident Katalin Novakın istefasını qəbul edib. Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib.

OLAF ŞOLTS: UKRAYNAYA “TAURUS” RAKETLƏRİ TƏDARÜK EDİLMƏYƏCƏK

Almaniyanın kansleri Olaf Şolts ölkəsinin Ukraynaya “Taurus” raketlərini tədarük etməyəcəyini bəyan edib. Bu barədə kansler “DPA” agentliyinin sualını cavablandırarkən bildirib.

“Almaniya Ukraynanın Avropada ən böyük hərbi dəstəkçisidir. Bu, belə də qalır. Lakin bir məsələ aydındır: biz müharibə edən tərəfə çevrilməyəcəyik - nə birbaşa, nə də dolayı yolla. Bu iki prinsipi bütün qərarlarımda rəhbər tuturam”, - deyə Olaf Şolts vurğulayıb.

Eyni zamanda, Almaniya kansleri qeyd edib ki, Ukraynanın “Taurus” raketlərindən də çox ehtiyac duyduğu digər silahlar var.

“Bu, çox uzaq mənzilli bir silahdır. İngilislərin və fransızların Ukraynaya verdikləri raketlərdə hədəfə nəzarət baxımından etdikləri Almaniyada edilə bilməz. Bunu bu sistemlə məşğul olan hər kəs bilir”, - deyə Almaniya kansleri əlavə edib.

68 UŞAĞIN ÖLÜMÜNDƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRƏ HÖKM OXUNUB

Özbəkistanda 68 uşağın ölümünə səbəb olan “Doc-1 Max” siropu ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. “Report” agentliyinin Özbəkistan mətbuatına istinadən verdiyi xəbərə görə, ötən il 86 uşaq soyuqdəymə əleyhinə sirop səbəbindən zəhərlənib və onlardan 68-i vəfat edib.

Məlumata əsasən, Daşkənd Şəhər Məhkəməsi siropu idxal edən şirkətin rəhbəri Sinqha Raqvendra Pratarı 20 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda, bildirilib ki, Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin sabiq rəhbəri Sardor Kariyev 18 il müddətinə, onun müavinləri Əmirxon Əzimov və Nodirbek Musayev 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər verilir ki, Özbəkistanda uşaqların ölümündən sonra Hindistanın “Marion Biotech” şirkəti sirop istehsalını dayandırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.