Fransanın Ermənistan
Siyasət

Fransanın Ermənistan "sevgisi"

Son günlər erməni cəmiyyətində konstitusiya ilə bağlı gedən müzakirələr səngiməyir. Müzakirəyə səbəb olan məqamlar da açıqlanır. Səbəb də odur ki, həmin ölkədə revanşist qüvvələr Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini ölkələrinin növbəti kapitulyasiyası kimi cəmiyyətə təqdim edirlər. Hətta erməni cəmiyyətində qorxu hissi də müşahidə edilir. Revanşistlərin iddialarına inananlar elə hesab edirlər ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi ölkələrinin olmayan müstəqilliyinin, suverenliyinin tamamilə itirilməsi deməkdir, amma həmin müzakirələrin davamlı xarakter alması ortada hansısa başqa qüvvələrin də olduğunu təsdiqləyir.

Erməni ictimaiyyətində revanşistlərin iddialarına inananlarla yanaşı, buna qarşı çıxanlar da var. Ölkələrinin vəziyyətinin hədsiz dərəcədə çətin olduğunu dərk edənlər başa düşürlər ki, Ermənistanın mövcud vəziyyətdən çıxması, regional və beynəlxalq layihələrdə iştirak etməsi, əlaqələrini qurması, qonşu ölkələrlə münasibətlərini normallaşdırması üçün "ilk növbədə" sülh müqaviləsi imzalanmalıdır və bunun üçün də Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi əsas şərtdir. İndi Paşinyan hakimiyyəti yaxşı başa düşür ki, nəinki konstitusiya, ümumiyyətlə bütövlükdə Ermənistanın bu vaxta qədər yürütdüyü siyasət tamamilə dəyişməlidir. Ona görə də başda elə məhz erməni baş nazir özü olmaqla hazırkı hakimiyyət ilk növbədə Ermənistan konstitusiyasının dəyişdirilməsində israrlıdır, baxmayaraq ki, erməni cəmiyyətində buna qarşı çıxanlar çoxluq təşkil edir.

Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi ilə bağlı Nikol Paşinyanın fikrinə təkcə erməni cəmiyyətində deyil, ölkə hüdudlarından kənarda da əks mövqe sərgiləyənlər var. Ən çox diqqəti cəlb edən məqam isə konstitusiya dəyişikliyinə Fransanın da guya "narahat" olmasıdır. Hazırda Fransanın Ermənistanda konstitusiyasının dəyişdirilməsi məsələsinə mane olmaq cəhdi isə göz qabağındadır.

Mövzu ilə bağlı açıqlama verən politoloq Bilgehan Öztürk qeyd edib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməsi dedikdə, oradakı ərazi iddialarının yığışdırılması nəzərdə tutulur, amma bunu təbii şəkildə də qəbul etmək lazımdır. Sülh niyyətində olanlar, ilk növbədə, ərazi iddialarından əl çəkməlidirlər və məhz bütün bunlar Ermənistandakı revanşist qüvvələri narahat edir. Çünki onlar ərazi iddiasından qətiyyən əl çəkmədiklərini bəyan edirlər və məhz bu kurs üzərində də fəaliyyət göstərdiklərini bildirirlər. Belə çıxır ki, Ermənistan konstitusiyasında dəyişiklik, ərazi iddiasının yığışdırılması, ardınca da sülh müqaviləsinin bağlanması ilə onların fəaliyyətinə də, mövcudluğuna da son qoyulur və bu səbəbdən revanşistlər hay-küy qaldırırlar.

"Fransanın Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi ilə bağlı revanşist haylardan da artıq guya narahat olması və onun müxtəlif bəhanələrlə ortaya atılması, fransızların tamamilə başqa niyyətinin olduğunu göstərir və bu heç də revanşistlərin mənafelərinin müdafiəsi demək deyil. Bu, Fransanın regiona girmək istəyindən, Cənubi Qafqazda özünə yer etmək niyyətindən, bir sözlə geosiyasi ambisiyalarından irəli gəlir. Rusiyanın Ukrayna ilə bağlı planlarının və hələ də davam edən müharibənin fonunda Moskva Ermənistana bir o qədər də diqqət ayıra bilmir və bundan da Paris bacardıqca istifadə etməyə çalışır. Amma belə bir məqamda Parisin özünəməxsus strategiyasının olduğu da diqqətdən yayınmır. Azərbaycan və Türkiyə ilə normallaşmağın əleyhinə olan "revanşistləri" öz himayəsinə götürdüyünü göstərməyə çalışan fransızlar, lazım gəldiyi təqdirdə erməni baş nazirini, onun hakimiyyət komandasını belə qurban verməyə, hətta Makron özü istənilən anda Ermənistanda hakimiyyət çevrilişi üçün əlindən gələni etməyə hazırdır''.

Politoloq deyib ki, Paris Azərbaycana təzyiq etmək üçün beynəlxalq təşkilatlara da təsir göstərir və bunun üçün müxtəlif variantlara əl atır. AŞPA tərəfindən ədalətsiz qərarın qəbul olunması da Fransanın Azərbaycan əleyhinə cılız, rüsvayçı fəaliyyətinin, çirkin niyyətinin nəticəsi idi. Fransa, regionda öz maraqlarını, geosiyasi ambisiyalarını məhz Ermənistan üzərindən reallaşdırmağa çalışır. Bu zaman Emmanuel Makronun yolunun üstünə çıxan Nikol Paşinyan özü belə onun üçün bir maneə sayılır və çox güman ki, həmin maneənin götürülməsi planlaşdırılır. Ermənistanın Azərbaycanla, Türkiyə ilə normallaşa bilən münasibətlərinin qarşısını almağa cəhd edən Makron üçün erməni baş nazirini "aradan götürmək" zərrə qədər də çətin deyil. Erməni lobbisinin, erməni kilsəsinin, eləcə də müxalifət düşərgəsinin, revanşistlərin Nikol Paşinyana qarşı birləşməsi də təsadüfi sayılmır və şübhəsiz ki, bu məsələdə Fransanın, şəxsən Emmanuel Makronun barmağı var.

Onu da qeyd edək ki, son vaxtlar Fransa Ermənistanın silahlandırılması prosesini də sürətləndirib. Fransa ordusunun yüksək rütbəli zabitlərinin Ermənistana səfərləri isə intensivləşib. Görünən odur ki, Fransanın Ermənistanı yeni savaşa hazırlaması ilə bağlı proses artıq yekun mərhələyə keçib. ABŞ-ın Ermənistandakı səfirliyindəki vətəndaşlarını Azərbaycanla sərhəd bölgələrinə səfərdən imtinaya çağırması da məkrli planların işə salındığını göstərir. Hər halda bütün bu müşahidə olunan məqamlar əslində məhz Fransanın Ermənistanı Azərbaycanla yeni savaşa təhrik etməsinin şifrələri də hesab oluna bilər.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.