Fransanın
Siyasət

Fransanın "metal yığını" bir işə yaramayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan xarici mətbuata verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır. Buna görə də rəsmi Bakının İrəvana hücum ehtimalı çoxdur.

Ermənistanın müdafiə naziri Suren Papikyan da qeyd edib ki, təhlükə var və bu, hazırkı ritorikadan aydın şəkildə görünür. Siyasi-hərbi rəhbərliyin borcu isə ölkənin ərazi bütövlüyünü qorumaqdır. Buna görə də Paşinyan hökuməti xarici tərəfdaşlardan silah almağa davam edəcək. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfin iddialarına əsaslı cavab verib. Qurumun bəyanatında bildirilib ki, guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması və beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan qarşı tərəfin bu addımları ört-basdır etmək məqsədilə, Qərbi Azərbaycan İcmasının üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Paşinyan rəhbərliyinin sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir. XİN-in bəyanatında o da vurğulanıb ki, müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən İrəvan sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməli və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməlidir.

Bu açıqlama, əslində Paşinyan Administrasiyasının bütün planlarını ifşa edir. Amma maraqlı məqam odur ki, adətən eyni məzmunlu iddialar Qərb tərəfindən səsləndirilirdi. Zaman-zaman Birləşmiş Ştatlar və Avropa platformalarında Azərbaycanın hücum edəcəyinə dair xəbərlər tirajlanır, bunun ardınca isə adətən, ya Ermənistanla sərhəddə Avropanın mülki missiyasının sayı artırılır, ya İrəvana hərbi yardım edilir, ya da qarşı tərəf atəşkəsi pozurdu. Buna görə də heç təsadüfi deyil ki, Paşinyanın sözügedən açıqlamasından sonra kompleks şəkildə proseslərin getdiyini müşahidə edirik. Belə ki, ötən həftə Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana səfər edib. Onun təntənəli qarşılanma mərasimi Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul və hərbi orkestrin iştirakı ilə baş tutub. Bu isə səbəbsiz deyil. Çünki fransız rəsmisi əli dolu gəlib. O, sərhədlərin qorunmasının prioritet olduğunu deyərək "Bastion" zirehli maşınlarının daha bir partiyasının göndəriləcəyini elan edib. Hətta Lekornu çox irəli gedərək lazım olacağı təqdirdə yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə raketlərinin də Ermənistana veriləcəyini açıqlayıb. Bu məqamda aydın olur ki, deməli, Paşinyan və komandasının "Bakı hücum edəcək" görüntüsü formalaşdırmağa çalışması İrəvana hərbi yardımların artırılması üçün zəmin formalaşdırmaq məqsədi daşıyır.

Artıq bu istiqamətdə addımlar da atılır. Fevralın 23-də Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutması, fevralın 24-də isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizin hədəf alınması bunun sübutudur. Yəni son dövrlərdə artan təxribatların arxasında Fransa-Ermənistan cütlüyünün siyasi məqsədləri dayanır. Onlar şərti sərhəddə "gərginlik var" görüntüsü yaratmaqla İrəvana silah yardımını artırmaq, bu ölkəni sürətlə hərbiləşdirmək istəyirlər. Yelisey Sarayının amalı Ermənistan üzərindən Rusiyaya uzanan NATO körpüsü yaratmaq və ya Moskvaya ikinci cəbhə açmaqdır. Amma bu proses atəşkəsin pozulmasından da göründüyü kimi, Cənubi Qafqazdakı sülh və sabitliyi təhdid edir, Bakı və İrəvan arasında münaqişə ehtimalı artır. Mövcud riskləri baxmayaraq, Ordumuzun bölmələri tərəfindən iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşməməsi və sabitliyin təmin edilməsi məqsədilə cavab tədbirləri görülmür. Əksinə, Ermənistan hərbi rəhbərliyi şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırılır. Eyni zamanda, rəsmi Bakı bu əməlləri törədənlərin müəyyən edilərək cəzalandırılmasını tələb edir. Azərbaycan açıq şəkildə bildirir ki, şər cütlüyünün oyunlarına getməyəcək, onların planlarının reallaşmasına imkan verməyəcək, hüquqi çərçivədə ona qarşı irəli sürülən ittihamların yalan olduğunu sübut edəcək.

Rəsmi Bakı bununla həm də İrəvana reallıqları dərk etməsi üçün fürsət verir. Çünki Fransadan Ermənistana silahların göndərilməsi Cənubi Qafqazdakı geosiyasi reallığı dəyişdirmək gücündə deyil. Bunun ilk səbəbi odur ki, Fransanın bu ölkəyə verdiyi silahlar müasir standartlardan uyğun olmayan, köhnəlmiş modellərdir. Üstəlik, texnikaların mütləq əksəriyyəti genişmiqyaslı hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb. Məsələn, çox müzakirələrə səbəb olan "Bastion"lar Fransanın Afrikadakı müstəmləkələrində etirazları yatırmaq üçün istehsal olunmuşdu. Ukrayna bu hərbi maşınları qəbul etməkdən imtina etmişdi. Hindistandan göndərilən silah-sursatla bağlı mənzərə də fərqli deyil. Hazırda tədarük edilən 3 ədəd GM-200 və yaxud 50 ədəd "Bastion"dan başqa Fransanın İrəvana real hərbi yardımı yoxdur. Sözügedən tədarükləri də cənab İlham Əliyev "metal yığını" kimi qiymətləndirmişdi. Bunun doğru olmadığı görüntüsü yaratmaq üçün Yelisey Sarayı müttəfiqini gecəgörmə cihazları, GM200 radarları və raketləri ilə şirnikləndirsə də, onların da hansı formada çatdırılacağı bəlli deyil. Çünki bundan əvvəl fransızlar İrəvana hücum xarakterli "Bastion" zirehli texnikasını Poti limanı vasitəsilə göndərmişdilər. Odur ki, bu dəfə də silahların gəmi ilə Qara dəniz vasitəsilə göndəriləcəyi gözlənilir. Gürcüstanın Qərbin təzyiqi ilə yenidən silah-sursatı Ermənistana buraxmayacağının zəmanəti yoxdur. Amma bu dəfə plan Türkiyə faktoruna görə iflasa uğraya bilər. Bu məqamda geriyə iki yol qalır. Birincisi hava yoludur ki, bu ssenaridə texnikalar Parisdən uçan təyyarə ilə Rumıniyaya, oradan da Gürcüstan üzərindən İrəvana daşına bilər. Amma sözügedən versiya logistika baxımından əlverişli deyil. Bu səbəbdən də ən real üsul silah-sursatın Fars körfəzindən İran vasitəsilə Ermənistana göndərilməsidir. Amma aydın məsələdir ki, Paris-İrəvan cütlüyünün Cənubi Qafqazda birgə hərəkət etməsi, ümumiyyətlə hər hansı Qərb təmsilçisinin regionda mövcud olması Tehran rejiminin maraqlarına xidmət etmir.

Yekun mənzərədə görünən odur ki, xarici təhlükəsizlik çətiri axtarışında olan Paşinyan hökuməti avantüraya gedir, beynəlxalq siyasi mərkəzlər tərəfindən formalaşdırılan və öz iradəsindən kənar olan siyasət yürüdür. Heç bir zəmanət almadan verilən vədlərə inanır. Bu isə həm Cənubi Qafqazdakı sabitliyi təhdid edir, həm də Ermənistanı geosiyasi toqquşmaların arenasına çevirir.

Jalə QASIMZADƏ,

"Respublika".