Makron hökuməti daxili problemlərdən yaxa qurtara bilmir
Siyasət

Makron hökuməti daxili problemlərdən yaxa qurtara bilmir

Qərbin "şər yuvası" olan Fransanın regional və qlobal məsələlərə yanaşması birmənalı olaraq fitnə-fəsad toxumu əkməkdən ibarətdir. Xaosu aradan qaldırmaq əvəzinə onu daha da dərinləşdirən Yelisey sarayı əlindəki imkanları destruktivliyə yönəldib.

Afrikada, Yaxın Şərqdə, eləcə də Avropanın özündə də bunun şahidi oluruq. Sirr deyil ki, Makron rejimi bu gün İsrail-Həmas qarşıdurmasında, eləcə də Rusiya-Ukrayna müharibəsində konstruktivlik nümayiş etdirmir. Cənubi Qafqazda da vəziyyət fərqli deyil. Hayların havadarı missiyasını öz öhdəsinə götürən Fransa regionumuzda davamlı sülh və sabitliyə başlıca əngəldir.

Fransada baş verən son hadisələr, etiraz aksiyalarına səbəb olan mövcud problemlər onu göstərir ki, digər ölkələrin daxili işlərinə burnunu soxan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Demək olar ki, ötən hər gün, hər həftə, hər ay Fransada hansısa sosial problemlərdən qaynaqlanan mitinqlər keçirilir. Bəşəriyyətə "demokratiya", "insan hüquqları" dərsi keçən Fransa hökuməti dinc nümayiş iştirakçılarına qarşı da elə özünə yaraşan tərzdə cavab verir. Belə aksiyalarda polis insanların üzərinə atlar sürür, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Hələ ötən illərdə bütün ölkəni cənginə almış "Sarı jiletlilər"ə qarşı Fransa hakimiyyətinin qəddar davranışları bu gün də müzakirə olunmaqdadır.

Son aylar Fransa dövləti daha bir daxili problemlə qarşı-qarşıya dayanıb. Bu, Fransanın bir çox bölgəsində, xüsusilə, paytaxt Paris və ətrafında fermerlərin traktorları ilə həyata keçirdiyi etirazlardır. Etiraz aksiyası əhatə dairəsinə və insan sayına görə heç də bundan əvvəlki nümayişlərdən geri qalmır. Rəsmi qurumlar etiraz aksiyasına 5 mindən çox kənd təsərrüfatı maşını və 10 minə yaxın fermerin qatıldığını bildirirlər. Fermerlər etirazlarına səbəb kimi inflyasiya üzündən gəlirlərinin azalması və Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsini göstəriblər. Fermerlər, həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və sərt kənd təsərrüfatı qanunlarına qarşı tənzimlənmələr istəyirlər. Narazı kütlə diqqəti öz üzərinə çəkmək üçün Nimes bələdiyyəsində gömrük idarəsini yandırıb. Yanvarın 27-dən başlayan iğtişaşlar artıq Parisin mərkəzinə də sirayət edib. Fransa "Kənd koordinasiyası" adlı fermerlərin həmkarlar ittifaqı hökumətin siyasətinə etiraz olaraq Parisdə Zəfər tağı yaxınlığında aksiya keçirib. Bu barədə həmkarlar ittifaqı sosial şəbəkələrdə məlumat yayıb. Fermerlər Zəfər tağına gedən yolları bağlasalar da, daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib və hadisə yerinə jandarmlar gəlib. Həmkarlar ittifaqı rəhbərlərindən biri "qadağan olunmuş toplantı təşkil etdiyinə və nəqliyyatın hərəkətini pozduğuna" görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Geridə qoyduğumuz il də bu ölkədə tətil və etirazlarla yadda qaldı. Belə ki, hökumətin həyata keçirdiyi pensiya islahatını milyonlarla insan narazılıqla qarşıladı. 2023-cü il sentyabrın 1-dən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olub. Hakimiyyət 2030-cu ilə qədər bu rəqəmi 64 yaşa çatdırmaq üçün hər il üç ay artırmaq niyyətindədir. Dəyişikliklər həm də dövlət qulluqçularına təsir edəcək. Onların minimum pensiya yaşı müvafiq olaraq 57-dən 59-a və 52-dən 54-ə yüksələcək. Habelə, adi fransızlar tam pensiya almaq üçün daha uzun müddət işləməli olacaqlar. Əksər pensiyalar üçün tələb olunan iş təcrübəsi 2027-ci ilə qədər tədricən 42 ildən 43 ilə qədər artacaq. Təbii ki, bütün bunlara cavab olaraq Fransada genişmiqyaslı aksiyalar başladı və yüzlərlə sadə vətəndaş həbs edildi. Etirazların şiddəti o qədər böyük oldu ki, hətta Fransa paytaxtında aksiyaların nəticələrini aradan qaldırmaq üçün böhran qərargahı yaratmaq məcburiyyətində qaldı. Xalqın mənafeyinə uyğun gəlməyən pensiya islahatları ilk növbədə Makronun nüfuzuna ciddi təsir etdi. Belə qərarların fonunda  Fransa prezidentinin reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Fransanın əsas problemlərindən biri də hər zaman olduğu kimi, ön sıralarda duran Korsika  məsələsidir. Napoleon Bonapartın dünyaya göz açdığı, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən seçilən Korsika bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib. Məhz bu səbəbdən Korsika Yelisey sarayının daim siyasi hədəfinə çevrilib. Adaya qarşı Fransa hökumətinin yanaşmasına nəzər saldıqda Makronun və bu ölkəni idarə edənlərin nə dərəcədə ikiüzlü olduğu ortaya çıxır. Bir ovuc erməniyə görə halları pərişan olan hökumət üzvləri yüz minlərlə korsikalının azadlıq çağırışına yalnız həbs və işgəncələrlə cavab verir.  Uzun illərdir ki, ada sakinlərinin tələblərini yerinə yetirməyən Makron konkret həll yolu tapmaq əvəzinə, vaxt uzatmaqla məşğuldur.  Fransanın daxilində baş qaldıran problemlərin qısa icmalından da göründüyü kimi, ölkənin uğursuz xarici siyasəti  onun daxilinə də sirayət edib.  Afrikadan qovulan, Rusiya-Ukrayna müharibəsi fonunda sərsəm bəyanatlar verən, Cənubi Qafqazla bağlı planlarında istədiyi heç bir irəliləyişə  sahib ola bilməyən rəsmi Paris hər keçən gün daha da uğursuzluğa düçar olur, Makron isə özünü gülünc vəziyyətə salır.  Prezidentlikdən daha çox klounluğu yaxşı bacaran Makron sonuncu dəfə  özünü Rusiya-Ukrayna müharibəsinə fikir bildirən zaman biabır etmişdi. Emmanuel  Fransa əsgərlərinin Ukraynada olmalı olduqlarını bəyan etsə də, o biri tərəfdən isə bu fikri elə-belə səsləndirdiyini deyib.

Musa BAĞIRLI,

"Respublika".