İranın Ermənistanla
Siyasət

İranın Ermənistanla "kölgə əlaqəsi"

Son illərdə Ermənistanın Qərbə yaxınlaşması ilə regionun sülh və sabitliyi təhlükə altına düşüb. Avropa İttifaqı, NATO xəyalları ilə havadarlarının ardınca səssizcə addımlayan rəsmi İrəvan öz dəstəsinə yeni üzvlər də qatmağa başlayıb.

Müxtəlif təkliflərlə Ermənistanı şirnikləndirənlərin sayı günü-gündən artır. Görünür, cənub qonşumuz da Avropaya açılıb, iqtisadi "sıçrayış" yaşamaq istəyir. İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib ki, Ermənistan İran üçün şimal marşrutlarına və Qara dənizə açılan qapıdır.

Onun sözlərinə görə, İran da öz növbəsində Ermənistan üçün Fars və Oman körfəzləri ölkələrinə açılan pəncərədir: "Yaxın vaxtlarda biz yükdaşımalarda yaxşı razılaşmalar əldə edəcəyik. Hazırda tranzit tariflərinin və yol rüsumlarının azaldılması barədə müzakirələr aparırıq". Qeyd edək ki, İran Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsinin sürətlə həyata keçirilməsi üçün 2016-cı ildən fəal işləyir. Hazırda Yunanıstan tərəfinə görə layihənin icrası gecikir. Belə ki, rəsmi Afinanın digər iştirakçı ölkələrlə sazişin bəzi bəndləri ilə bağlı fikir ayrılığı var. Beynəlxalq nəqliyyat dəhlizi layihəsində rəsmi olaraq Ermənistan, Bolqarıstan, Gürcüstan və Yunanıstan iştirak edir. Dəhlizin İrəvan və Tiflis vasitəsilə Tehranı Avropa ilə birləşdirməsi və iştirakçı ölkələrin tranzit imkanlarını artırması nəzərdə tutulub.

Mehdi Sobhani digər bir çıxışında avropalı səfirlərin İran-İsrail münaqişəsinə dair yazdıqlarına reaksiya verərkən deyib ki, İkinci Qarabağ müharibəsində erməni əsgərlər İsrail silahları ilə öldürülüb. Bu isə o mənaya gəlir ki, M.Sobhani artıq ermənilərin yalan təbliğatının bir parçasına çevrilib. Xüsusilə də İranın din cəhətdən prioritetlərini nəzərə alsaq, bu açıqlama həqiqətən də absurddur. Cənub qonşumuzun rəsmiləri din qardaşlarının itkilərinə heç bir reaksiya vermir, lakin ermənilər üçün göz yaşı tökürlər. Halbuki Ermənistan müharibə zamanı azərbaycanlı mülki şəxsləri, məsum uşaqları hədəf almışdı.

İranın bəzi siyasi dairələri Ermənistanla münasibətlərə az qala qardaşlıq kimi baxırlar. Hətta 44 günlük müharibə zamanı bəzi iranlı deputatlar Ermənistanı dəstəkləyib. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə möhkəm əlaqələr qurub. Bu münasibətlər tərəflərə ciddi təsir göstərməyib. Çünki Azərbaycan müstəqil xarici siyasəti ilə tanınır. Lakin İrandan Ermənistana silah daşınması və İranın bəzi siyasi xadimlərinin Ermənistana dəstək ifadələri narahatlıq yaradır. Çünki İranın "IranAir" aviaşirkətinə məxsus "Boinq-747" yük təyyarəsi son mart-aprel aylarında beş dəfə Tehrandan İrəvana uçuş edib. Qeyd edək ki, bu hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.

Ermənistan mediasında yayılan xəbərlərdə isə qeyd olunur ki, İranla kollektiv Qərb arasında sülh Ermənistan üçün çox vacib idi. Vurğulanıb ki, rəsmi Tehranla Paris Ermənistanın sərhədlərinin toxunulmazlığının təmin edilməsində razılığa gəliblər. Bunun isə öz səbəbləri var - Ermənistan ərazisindən İranla Avropanı birləşdirən Beynəlxalq Nəqliyyat Dəhlizi. Regionun sürətlə dəyişən geosiyasi mənzərəsi fonunda baş verən son proseslər diqqəti İranın artan maraqlarına, xüsusən də Ermənistanla münasibətlərinə yönəldib. Ermənistanın Qərb dövlətləri ilə həmrəyliyi regionun narahatlığına səbəb olsa da, İranın pərdəarxası hərəkətləri onun əsl niyyəti ilə bağlı suallar yaradır.

Ermənistanın tədricən Qərbə doğru yönəlməsi, Avropa İttifaqı və NATO-ya can atması, İranın strateji maraqlarına da öz təsirini göstərir. Rəsmi İrəvanın iqtisadi cəhətdən irəliləmə cəhdləri və Qərb dairələrinə inteqrasiya istəkləri cənub qonşumuzdan da təsirsiz ötüşməyib. İranın Ermənistandakı maraqları zahirdə məsum görünsə də, əsas motiv fərqlidir. İqtisadi stimullar, strateji mövqe və regional təsirə can atma ehtimalı İranın regional münasibətlərinə təsir edir. Ermənistan bəzi ölkələrlə münasibətdə onun kölgəsinin arxasında qalır və təsir altına düşür. Bu da get-gedə rəsmi İrəvan üçün qaranlıq bir mənzərə yaradır. Cənub qonşumuz gözəgörünməz qüvvə olmağa çalışsa da regionda təxribatçı təsirə malikdir. Yəni İran da Ermənistanla "kölgə əlaqəsi"nə sahib ölkələrdən biridir.

Geosiyasi dinamika inkişaf etdikcə, İranın bölgədəki maraqlarının təsirləri Yaxın Şərqin və onun hüdudlarından kənarda imperativ rolunu oynayır. Beynəlxalq nəqliyyat dəhlizi layihəsi və İranın Ermənistana gizli dəstəyinin gündəmdə olduğu bir vaxtda regionda geosiyasi mənzərəni yenidən müəyyən etmək təhlükəsi getdikcə artır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".