Fransanın Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq cəhdləri əbəsdir
Siyasət

Fransanın Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq cəhdləri əbəsdir

Bu dövlətin Gorusda konsulluq açmaq niyyəti ölkəmizi öz mövqeyindən döndərə bilməz

İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın tarixi torpaqlarının düşməndən geri alınması ilə bərabər, həm də Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, inkişafına və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə zəmin yaratdı.

Tarixi yurd yerimiz olan Zəngəzur mahalından keçəcək dəhlizin açılması türk dövlətləri arasında quru əlaqəsini yaradacaq, Naxçıvanla birbaşa əlaqənin təmin olunmasına, muxtar respublikanın, eyni zamanda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında körpü olacaq. Bu isə 44 günlük müharibədən qalib çıxan müstəqil Azərbaycanın Cənubi Qafqazda yaratdığı ən böyük reallıqlardandır.

Yerləşdiyi regionun lider dövlətinə çevrilən, irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və icraçısı olan Azərbaycanın dayanıqlı inkişafı, 5-ci nəsil silahlarla silahlanmış güclü orduya sahib olması və bütün bunların fonunda artan nüfuzu bəzi ermənipərəst ölkələrin dincliyini əlindən alıb. Artıq 3 ilə yaxındır ki, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə qəbul olunması, dünya ölkələri ilə əlaqələrin daha da şaxələnməsi və ölkəmizin etibarlı tərəfdaş imici qazanması Fransa, İran kimi ölkələri narahat edir. Cənubi Qafqazda münaqişənin davam etməsi üçün bu dövlətlər Ermənistanın Azərbaycana düşmənçilik mövqeyindən istifadə edirlər.

Ermənistana hərbi, iqtisadi, siyasi yardımlar göstərən İran Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizə qarşı qərəzli münasibətini nümayişkaranə şəkildə göstərdi. Belə ki, Azərbaycan sərhədlərinə yaxın ərazidə genişmiqyaslı hərbi təlimlər keçirməsi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etməsi ilə açıq- aşkar təcavüzkar ölkənin yanında olduğunu sübut etdi. Vaxtilə özünü Azərbaycana dost və tərəfdaş adlandıran cənub qonşumuzun dövlətimizin milli maraqlarına zidd, terrorizmə, işğalçılığa, revanşizmə meyilli olan Ermənistana himayədarlıq etməsi bunu deməyə əsas verir. İran rəsmilərinin Ermənistana mütəmadi səfərləri, Qafan rayonunda İran konsulluğunun açılması, iki ölkənin bir-birinə dostluq, qardaşlıq mesajları, ölkəmizin ünvanına ittihamlar səsləndirməsi İran-Azərbaycan münasibətlərini gərginləşdirməklə bərabər, həm də region dövlətləri arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə mənfi təsir göstərir.

30 il davam edən Qarabağ münaqişəsi zamanı ölkəmizə qarşı ikili münasibət bəsləyən, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi yaranmış vəziyyəti sülh yolu ilə həll etmək, münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, münaqişənin həllinə imkan verməyən Fransa 44 günlük İkinci Qarabağ müharibəsindən sonra öz mövqeyini daha açıq şəkildə bildirdi. Bu müstəmləkəçi ölkə qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edərək Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını bəyan etdi. Fransa Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasını", "Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını", "Ermənistana humanitar yardımın artırılmasını " və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi, Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cebra şəhərində keçirilən XVIII sammitində təşkilata üzv dövlətlərin ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirməsi Makronun bu istiqamətdə fəal iş apardığının göstəricisidir. Haqqı, ədaləti bərpa edən, müstəqilliyini, suverenliyini qoruyan, erməni vandallarından ərazilərini təmizləyən Azərbaycanı işğalçı adlandıran bu dövlət ozünün tayı olan Ermənistanın ölkəmizin sülh təklifini qəbul etməsinə hər vəchlə mane olur, onun yanında olduğunu, müdafiəsində dayandığını nümayiş etdirir.

İrandan sonra indi də Fransa Gorusda konsulluq açmaq istəyir. Bu barədə Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petel və Senatda analoji qrupun sədri Gilbert-Lyuk Devinaz Fransanın xarici işlər naziri Ketrin Kolonnaya rəsmi məktub göndərib. Ermənipərəst mövqeyini açıq şəkildə bildirən Fransa bununla bir daha Zəngəzur dəhlizinin açılmasının, dolayısı ilə isə sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu göstərir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına ciddi səylər göstərildiyi bir vaxtda Fransanın bu addımı bütövlükdə Cənubi Qafqazda əmin-amanlığı, sülhü təhdid etməkdir. Zəngəzur dəhlizinin keçəcəyi ərazidə Fransanın konsulluq açmaq niyyəti bir daha onun bölgədə təhlükəsizliyin, sabitliyin deyil, münaqişələrdə maraqlı olduğunu sübut edir. Fransa Qərbi Zəngəzurda konsulluq açmaqla Azərbaycanın blokdan çıxarmaq istədiyi nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına maneçilik törətməklə Avropa İttifaqı ilə də münasibətlərinə zərbə vurur. Çünki Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin də marağındadır.

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında Aİ prezidenti Şarl Mişel üçtərəfli görüş çərçivəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə irəliləyişlərin olduğunu qeyd etmiş və bildirmişdir ki, dəmiryolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. O, Avropa İttifaqının kommunikasiyaların açılmasına maliyyə töhfəsi verməyə hazır olduğunu da diqqətə çatdırmışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, istər İran, Fransa, Rusiya, yaxud da hər hansı bir dövlətin Zəngəzurda konsulluq açması Azərbaycanı öz mövqeyindən döndərməyəcək. Prezident İlham Əliyev bu barədə fikrini qəti olaraq bildirib: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır".

Mehparə ƏLİYEVA,

"Respublika".