TOVUZUN BİR NEMƏTİ DƏ KARTOFDUR
Region

TOVUZUN BİR NEMƏTİ DƏ KARTOFDUR

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Tovuzda aqrar sahənin inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur. Ölkəmizdə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində tovuzlu fermerlərin rolunu xüsusilə vurğulamaq lazımdır. İkinci çörək sayılan kartof istehsalında əldə olunan nailiyyətlər ürəkaçandır.

Qarşıdan gələn yay aylarında faraş kartof respublika bazarlarında bolluq yaratmaqla yanaşı, qonşu ölkələrə də ixrac olunacaq. Qışda rayonun dağlıq zonasında dəmyə şəraitində yetişdirilən ekoloji təmiz kartof məhsulunun satışı həyata keçirilir.

Fermerlər əsasən yerli sort kartof toxumuna üstünlük verirlər. Bəzən də Rusiyadan idxal olunan məhsuldar və xəstəliyə davamlı toxumlardan istifadə olunur.

Tovuz Rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev bildirdi ki, 2023-cü ildə 5271,2 hektar sahədən 160032 ton (hər hektardan 303,6 sentner) məhsul əldə olunub. Aprelin əvvəlinə isə rayon ərazisində 3821.3 hektar kartof əkilib.

Vəli VƏLİYEV,

"Respublika".