Vətən uğrunda
Sosial həyat

Vətən uğrunda

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Rövşən Kazım oğlu Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı.

R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun İqtisadiyyat fakültəsində təhsil almışdı. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, Murovdağ istiqamətində qulluq etmişdi. Xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılmışdı. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayan döyüş yolu Cəbrayıl rayonunda davam etmişdi. 23 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə aldığı qəlpə yaralarından ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış və 25 oktyabr 2020-ci ildə  Binəqədi qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Şəhidin anası Sona Hüseynovanın xatirələri: “Ailəmizin son beşiyi olan Rövşən  torpaqlarımızın düşmən tapdağında olması ilə heç vaxt barışa bilmirdi. Elə bir oğul böyütmüşəm ki, ölümündən sonra da mən onunla qürur duyuram. Oğlum körpəlikdən həmişə başımızı uca edib. Elə uşaq yaşlarından kiçik ürəyində Vətənə, yurda böyük sevgi daşıyıb. Rövşən məktəbdə və universitetdə də daima nümunəvi uşaq olub. Müharibəyə gedəndə də sevinə-sevinə gedib. Özü də könüllü getdi. Gedəndə mənə açarını, təsbehini  verdi ki, ana saxlayarsan. Bunlarla özümə təsəlli tapıram. Oğlum “Space” televiziyasında mühafizədə işləyirdi və sonra Çevik polisə düzəldi. Onun arzusu DİN-də akademiyada oxumaq idi. Həmişə çox sevinə-sevinə zəng edərdi, heç elə bil ki müharibədə deyildi, adi bir xidmətdə idi. Telefonda örtülü danışsa da ancaq deyirdi ki: “Ana qorxma, arxayın ol. Mən sağ-salamat gələcəm, torpaqlarımız alınacaq, biz irəliləyirik”.  Hər zaman sevinclə danışırdı. Şəhid olan günü mənə elə bir ağlamaq gəldi ki, həyətdə bəlkə də səsimi qonşular  da eşitdi. Ortancıl qardaşı dedi ki, “niyə ağlayırsan, ana?” Dedim: “Rəşad, heç özüm də bilmirəm niyə ağlayıram.” Sonra Rövşənin komandiri qardaşına dedi ki, həmin vaxtda  şəhid olub. Şəhidlər ölməyib, onlar daima ürəklərdə, yaddaşlarda yaşayacaqlar”.

Şəhidin qardaşı Rafael Hüseynov: “Mən qardaşımla qürur duyuram. Qardaşım vətən, millət və torpaq uğrunda şəhid oldu. O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi. Əmin  və arxayın idi ki, torpaqlarımız azad olunacaq. Sevinc payımız o oldu ki, torpaqlarımızın azad olunmasında qardaşım Rövşənin də payı var. Çox şükür olsun ki, onun qanı  yerdə qalmadı, arzusu həyata keçdi. O, həmişə dostları, sinif yoldaşları ilə Vətənlə bağlı söhbətlər edirdi. Könüllü olaraq cəbhəyə gedəndə bizə məlumat verdi: “Mən vətən torpaqlarının alınması ilə bağlı hökmən getməliyəm”. Ailədən halallığını alıb vuruşmağa getdi. Rövşən çox təmkinli, tərbiyəli, böyük-kiçik yeri bilən idi. Vətənpərvərlik hissi onda çox güclü idi. O, həmişə bizə deyirdi ki, “mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın”. Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi. Çox şükür qardaşım kimi hamımız bu istəyə çatdıq, millət olaraq qələbə sevincini yaşadıq”.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri və digər əməkdaşlar şəhidimiz Rövşən Kazım oğlu Hüseynovun doğum günü məzarını və ailəsini ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət diləyirik!

Kamil İSMAYIL,

“Respublika”.