Azərbaycan Respublikasının xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra görüşlər keçirib
Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Özbəkistan

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığa əsaslanan, siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin son dövrlərdə intensiv xarakter alan ali və yüksək səviyyəli təmaslar nəticəsində inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib. Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub. Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsinin sülh prosesinə təhdid törətdiyi bildirilib.

Nazir Baxtiyor Saidov COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib, bu mötəbər tədbirin təşkilatında uğurlar arzulayıb, eyni zamanda, Özbəkistanın keçiriləcək tədbirə töhfə verməyə hazır olduğunu söyləyib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Rusiya

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Qırğızıstan

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli platformalarda əməkdaşlığın aktual məsələləri, habelə müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə edib, vaxtaşırı həyata keçirilən siyasi məsləhətləşmələrin, habelə yüksək səviyyəli səfərlərin və siyasi dialoqun bu münasibətlər üçün vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov Azərbaycan ilə Qırğızıstan arasında humanitar, siyasi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərinin mövcud olduğunu qeyd edib.

Nazir, həmçinin çoxtərəfli platformalarda iki ölkənin bir-birinin mövqeyinə verdiyi qarşılıqlı dəstəkdən məmnunluq ifadə edib, habelə BMT və Türk Dövlətləri Təşkilatı kimi platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb, bu il Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçılarının sammitinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

Nazirlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini müzakirə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panama

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panamanın xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər çıxışlarında Azərbaycanın və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib. Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumatlandırılıb.

Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesindən danışıb.

Nazir Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfra endirilməsi sahəsində geniş təcrübəsini bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Belə təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.