Gizlin militarist siyasət
Siyasət

Gizlin militarist siyasət

"Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

Fransanın daxili siyasətinə də baxıldıqda görünür ki, islamofobiya, antisemitizm, miqrantlara qarşı nifrət, rasizm kimi meyillərin olduğu bu ölkə daim münaqişələri qızışdırmaqdadır. Ermənistanın 30 illik işğal dövründə, əsassız iddialarla çıxış edən, yalan bəyanatlarla böhtan siyasəti yürüdən rəsmi Parisin bu mövqeyi bizə yad deyil.

44 günlük Vətən müharibəsi sona çatdıqdan sonra 27 illik uğursuz vasitəçilik missiyasından utanmayan Fransa hələ də bölgədə söz sahibi olmaq, müdaxilə etmək istəyinə hakim ola bilmir. Azərbaycan torpaqlarının 20 faizinin işğalına göz yuman, ərazilərimizdə separatizmə dəstək verən rəsmi Paris utanmadan ölkəmizi Ermənistanın ərazi bütövlüyünə təhdid yaratmaqda günahlandırır. Görünür Fransa ədalət, beynəlxalq hüquq kimi anlayışlardan xəbərsizdir. Çünki rəsmi Paris etiraf etmək istəməsə də yalnız öz maraqlarını düşünür. Özünə sərf edəni qabardır, etməyənə isə uyğun bir obraz yaradaraq qəbul etdirməyə çalışır. Əgər həqiqətən də sülh və sabitliyi təmin etmək üçün çalışsa idi, Ermənistanı şirin sözlərlə müharibəyə ruhlandırmaq yerinə, beynəlxalq hüquq prinsiplərini qoruyardı. Hazırda Qərb dövlətləri eyni siyasəti yürüdərək Cənubi Qafqazda gərginlik yaratmağa, sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışırlar. Ermənistanın silahlandırılması, Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyətini təmin etdirmək istəyi deyilənlərin  sübutudur. Fransanın Ermənistanı silahlandırması terrorçu ölkədə revanşizm istəyini artırır, separatizm meyillərini möhkəmləndirir. Qərb blokunun İrəvanı Rusiyadan və ümumiyyətlə, regiondan uzaqlaşdırmaq cəhdi onu qərbyönümlü marionet dövlətə çevirmə istəyindən irəli gəlir.

"Fransa bəşəriyyətin müstəmləkəçilik tarixində ən dəhşətli cinayətlərin əksəriyyətini törədən ölkə idi. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Atlantik, Hind okeanı və Latın Amerikasında işğal etdiyi onlarla ölkədə çoxsaylı hərbi vəhşiliklər və insanlığa qarşı cinayətlər törədib. Fransa silahlı qüvvələri də həmin xalqların etnik və dini mənsubiyyətlərinə görə ayrı-seçkilik etmiş, sərvətlərini talan etmiş, xalqını uzun müddət əsarətdə saxlamışlar. Yüz minlərlə dinc sakinə qarşı soyqırımı törədib". Prezident İlham Əliyev noyabrın 21-də konfransdakı çıxışında belə deyib.

Müasir dövrümüz demokratiya və əməkdaşlıq zamanıdır. Azərbaycan Cənubi Qafqazda humanizm prinsiplərinə əsaslanan mühitin yaradılması üçün əlindən gələni edir. Lakin təəssüf ki, hələ də bəzi ölkələr neokolonialist keçmişindən qopa bilmir, məkrli siyasətlərini bu günə uyğunlaşdırmaq istəyir. Müstəmləkəçilik həvəsi ilə yaşayan Fransa XIX-XX əsrlərdə öz müstəmləkə imperiyasının ərazisini 13 milyon 500 min kvadratkilometrə çatdırıb. Fransa hələ də özündən asılı gördüyü bu ölkələrə nəzarətini davam etdirmək niyyətindədir. Rəsmi Parisin bu kimi addımları müasir beynəlxalq münasibətlər sisteminə əksdir. Yerli xalqları əsarəti altına almış, onlara qarşı maddi və mənəvi soyqırımı törətmiş Fransa həm də ölkələrin sərvətlərini talan edib, qırğınlar həyata keçirib. Fransa, yalnışından dönmək, üzr istəmək əvəzinə əsrlər boyu davam etdirdiyi müstəmləkə mövqeyini hələ də qoruyur.

Onun Afrika ölkələrində törətdiyi cinayətlər, həmin xalqların inanclarına, həmçinin milliyyətinə və mənsubiyyətinə qarşı etnik zorakılıqlar bu gün öz aktuallığını saxlayır. Bu gün də həmin ərazilərdə əhaliyə zorla fransız dilinin keçilməsi prosesi davam edir. Lakin ölkəmizin sədrliyilə Qoşulmama Hərəkatında yeni dövrün başlaması ilə Fransanın da əməlləri ifşa olundu. Azərbaycanın guya etnik təmizləmə apardığını hər çıxışında bildirən Fransanın əməlləri QH sayəsində bütün dünyanın diqqətinə çatdrılır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".