“Global Flow Control”: Azərbaycan və Konqo iqtisadi əməkdaşlıqla bağlı razılığa gəliblər
Diaspora

“Global Flow Control”: Azərbaycan və Konqo iqtisadi əməkdaşlıqla bağlı razılığa gəliblər

“Global Flow Control” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin əvvəlində Konqo Prezidenti Deni Sassu-Nqesso ilə həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıb. Paytaxt Bakıda yüksək səviyyəli danışıqlardan sonra Azərbaycan və Konqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb. Azərbaycan Dövlət Neft Şirkəti və Konqo Milli Neft Şirkəti arasında imzalanmış sazişə əsasən, hər iki şirkət müəyyən şərtlər daxilində “Konqolez de Raffinaj” neft emalı zavodunu birgə inkişaf etdirərək genişləndirməyi hədəfləyib. 1982-ci ildə fəaliyyətə başlamış “Konqolez de Raffinaj” şirkəti yüngül neft emalı üzrə ixtisaslaşıb. Zavod ildə 1 milyon ton neft istehsal edir. Həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Konqo Respublikasının Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri sahəsində əməkdaşlığa dair imzalanmış protokol əsasında hər iki ölkə müxtəlif layihələri birgə həyata keçirəcək. Ölkənin böyük resurslara malik olmasına baxmayaraq, əhalinin təxminən 80 faizi hələ də yoxsulluq içində yaşayır. Konqo Respublikası daxili etnik münaqişə və haqsızlıqlara baxmayaraq, mövcud potensialdan səmərəli istifadə etməklə Qvineya körfəzində dördüncü ən böyük neft istehsalçısı olub. Qeyd edək ki, ölkədə hələ istifadə olunmamış təbii sərvətlər, metal, qızıl, dəmir və fosfat yataqları var.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.