Qərbi Azərbaycana qayıdacağımız gün arzularıma çatacağım gündür
Diaspora

Qərbi Azərbaycana qayıdacağımız gün arzularıma çatacağım gündür

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırımı cinayətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, məcburi köçkünə çevrilib, doğmalarını və əzizlərini itirib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Azərbaycan türkləri 1905-1906, 1918-1920, 1948-1953-cü illərdə də Qərbi Azərbaycan ərazisindən - indiki Ermənistandan məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi şəkildə və zorakılıqla sürgün olunublar. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək dünyalarını dəyişiblər.

1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından qəddarlıqla deportasiya ediliblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Qərbi Azərbaycan torpaqlarından didərgin salınan insanların nisgili böyükdür. 1988-ci ildə düşmən zorakılığı ilə deportasiyaya məruz qalanlardan biri də Qərbi Azərbaycanın şimal bölgəsinin Cəlaloğlu rayonunda dünyaya göz açan, hazırda İstanbulda yaşayan diş həkimi Nəsimi Sofiyevdir.

O deyib: “1982-ci ildə dünyaya gəlmişəm. Ən xoş xatirələrim o yerlə, o torpaqla, orada yaşamış insanlarla və doğma yurdumuzla bağlıdır. Kəndimizi, evimizi tez-tez yuxumda görürəm. Uşaqlıq yaddaşı tərtəmiz ağ kağız kimidir. İllər keçsə də, o kağıza həkk olunan xatirələr unudulmur. İnsanın uşaqlıq illəri harada keçirsə, elə ora da vətəni sayılır. Anamın laylasıyla böyüdüyüm o yerləri bir an belə unuda bilmirəm. O illərdən bu günə qədər çox zaman keçib. Həm sevindiyimiz, həm də kədərləndiyimiz günlər çox olub. Nə qədər sevincli günlərimiz olsa da, həmişə bir yanımız kədərli olub. Çünki mənə görə vətən nisgilli, torpaq həsrətli insanlar ürəkdən gülə bilmirlər.

Çox xoşbəxt böyüyürdük. Kədərin, qəmin nə olduğunu bilmirdik. Biz o torpaqlarda böyüdük, yıxılmağı, durmağı orada öyrəndik. Təəssüflər olsun ki, 1988-ci ildə el-obamızın acınacaqlı dövrü başladı. Məcburi şəkildə xoş xatirələrimizi o yerlərdə qoyub çıxmalı olduq. Çünki kənd saqqallı ermənilərlə dolu idi. Hər an ölümlə qarşı-qarşıya idik. Atam bizi maşınla kənddən çıxardı. Maşının pəncərəsindən geriyə boylanıb bizi kədərlə yola salan evlərə, ağaclara və çöllərə hələlik dedim. Əlvida demədim, çünki geriyə qayıdacağımıza ümidim böyük idi. Və inanıram ki, Cəlaloğlu rayonuna qayıdacağımız gün heç də uzaqda deyil.

Çox təəssüflər olsun ki, ermənilər bizim rayonun da adını dəyişərək Stepanavanla əvəz ediblər. Rayon ərazisi IX əsrə kimi Quqark əyalətinin Taşir qəzasının tərkibində, IX əsrdə isə Loru hakimiyyəti altında olmuşdur. 1801-ci ildə Gürcüstanın Rusiyanın tərkibinə daxil olması ilə əlaqədar rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeçiliyinə verilib. Cəlaloğlu rayonu 1930-cu il sentyabr ayının 9-da yaradılmışdır. Toponim Qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı əsasında yaranıb.

Rusiyanın 1828-ci il Türkmənçay müqaviləsi ilə İrəvan xanlığını işğal etməsindən sonra buraya kütləvi şəkildə ermənilər köçürülməyə başlamış və əhalinin tərkibi dəyişmişdir. SSRİ dövründə isə ərazidə olan toponim və hidronimlər erməniləşdirilmişdir. Erməniləşdirilmiş toponimlərdən birisi Cəlaloğlu rayonudur.

Dünyanın harasında yaşamasından asılı olmayaraq qəlbi Vətən, torpaq, yurd həsrəti ilə döyünən hər bir azərbaycanlı əmindir ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra növbəti hədəf İrəvana, Vediyə, Göyçə mahalına, Zəngəzura, Zəngibasara, Dərələyəzə və işğal altında olan digər əzəli torpaqlarımıza qayıdış olacaqdır.

Biz Qərbi azərbaycanlıların qəlbində yalnız bir arzu var: Bu da doğma yurdumuza qayıdışdır. İnanıram ki, biz arzumuza tezliklə çatacağıq.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.