Türkiyədə qeyri-qanuni yaşayan bir qrup Azərbaycan vətəndaşına pasport təqdim edilib
Diaspora

Türkiyədə qeyri-qanuni yaşayan bir qrup Azərbaycan vətəndaşına pasport təqdim edilib

Azərbaycan Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bununla bağlı aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırılıb. Nümayəndə heyəti Azərbaycan vətəndaşlarına müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin 27 oktyabr - 7 noyabr və 25 noyabr - 7 dekabr tarixlərində İstanbul şəhərinə iki səfər həyata keçirib.

Müsahibələr, zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilib və vətəndaşlarımıza köməklik göstərilməsi üçün bütün şərait yaradılıb.

Ötən ilə olan statistik məlumatlara əsasən işçi qrupu tərəfindən 2075 şəxs qəbul edilib, onlardan 1265 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 159 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb, eləcə də 107 digər konsulluq əməliyyatı həyata keçirilərək 531 şəxsin müraciətləri üzrə müvafiq maarifləndirmə işi aparılıb.

1990-cı illərdən qanunsuz və sənədsiz yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan bir qrup şəxsə, bu günlərdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda yeni sənədlər təqdim olunub. Bununla bağlı Konsulluqda rəsmi mərasim baş tutub. Tədbirdə Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və digər müvafiq qurumların rəsmiləri iştirak edib.

İşçi qrupunun həyata keçirdiyi fəaliyyət, müraciət etmiş vətəndaşlar və soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Müraciət edən hər bir şəxs yaradılmış şəraitə və onlara göstərilən dövlət qayğısına görə öz minnətdarlığını bildirib.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.