Göyçə gölünə dönüş reallaşacaq
Digər xəbərlər

Göyçə gölünə dönüş reallaşacaq

Tarixi mənbələr göstərir ki, indiki Ermənistan ərazisində bütün dövrlərdə türklər ermənilərdən sayca qat-qat çox olmuşdur. Bu da təbii haldır. Bu gün Anadoluda 60 milyon, Cənubi Azərbaycanda 30 milyondan yuxarı, Şimali Azərbaycanda 9 milyon türk olduğu halda dünyada cəmi 6 milyon erməni mövcuddur.

Qeyd etmək lazımdır ki, tarix, boyu torpaq iddiasında olan ermənilər heç bir əsası olmadan özlərini dünyanın ən qədim xalqı kimi qələmə verirlər.

Erməni nankorları harada kiçik bir erməni kəndi olubsa, o əraziyə Ermənistan demişlər.

Azərbaycan xalqına dəfələrlə divan tutmuş erməni millətçiləri XX əsrin əvvəllərində, 1918, 1948-1953-cü illərdə dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındıraraq ermənipərəst qüvvələrin dəstəyi ilə Qərbi Azərbaycanda dinc əhaliyə qarşı genosid siyasəti həyata keçirmiş, analoqu olmayan vəhşiliklər törətmişlər. Ermənilər zaman-zaman İrandan, Türkiyədən axın-axın İrəvan xanlığına, Zəngəzura, Göyçə mahalına və Qərbi Azərbaycanın digər ərazilərinə toplaşmış, bu "əzabkeş" millətin məqsəd və məramı yerli azərbaycanlılara məlum olmamışdı.

1948-1952-ci illərdə 150 mindən çox azərbaycanlı Ermənistandan sürgün edilmiş, vaqonlara doldurularaq Azərbaycanın aran bölgələrinə köçürülmüş, nəticədə kütləvi qırğınlar törədilmişdir. Bu qəddarlıq, terrorçuluq İ.Stalinin, A.Mikoyanın, Molotovun və digər ermənipərəst iblislərin başçılığı ilə həyata keçirilmişdir. Bu ədalətsizliyə Azərbaycanın ovaxtkı rəhbərləri isə göz yummuşlar.

Qərbi azərbaycanlıların 1988-ci ildə baş verən son deportasiyasını yaxşı xatırlayıram. Qışın ən soyuq çağında Qərbi Azərbaycanda soydaşlarımızın daha çox yaşadıqları Basarkeçər rayonunda son deportasiya Viktor Ambartsumyan, Silva Kaputikyan, Zori Balayan, Marat Nuricanyan və digər millətçi erməni şovinistlərin fitvası ilə həyata keçirildi. Cəmi 10-15 gün ərzində 30 minə yaxın azərbaycanlı ulu Göyçəni - Basarkeçəri məcburən tərk etdi.

Xalqımıza xəyanət toru hazırlananda Göyçədən onlarla azərbaycanlı Moskvaya üz tutdu. Ancaq nə fayda. Moskvaya gedən azərbaycanlıların şikayətinə baxılan tapılmadı. Buna haylar və ermənipərəst qüvvələr imkan vermədi. Göyçəlilər onda bildilər ki, Moskvada ermənilərə qucaq açan və onları dəstəkləyən Mixail Qorbaçov və onun satqın, şovinist dəstəsidir.

Ata-baba yurdlarından qovularkən gecə qaranlığında Qayabaşı kəndindən Koroğlu adlı əliqabarlı bir insan köç maşınında sıldırım qayaya toxunub uçurum bir dərəyə yuvarlandı, çox dəhşətli bir faciə baş verdi. Neçə-neçə insanlar erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirildi.

Neçə illərdir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayır, qəribsəmiş el-oba üçün darıxırlar. 2020-ci ildə cəmi 44 gün ərzində Qarabağın işğal altında olan əraziləri qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edildi. Bu möhtəşəm qələbə Qərbi azərbaycanlılara güc verdi, qəribsəmiş yurd yerlərinə qayıtmağa inam yaratdı. Bu gün bizim hamımızı Qərbi Azərbaycana qayıdış düşündürür.

2022-ci il dekabrın 24-də Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında bir qrup ziyalı ilə görüşü oldu. Toplantıda son 200 ildə erməni daşnaklarının Qərbi Azərbaycanda törətdikləri cinayətlər bir daha diqqətə çatdırıldı. Ölkə başçısı qarşıda duran vəzifələrdən danışaraq dedi: "Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda təsbit olunan müddəaları götürüb bunun əsasında öz hüquqlarımızı tələb etməliyik".

Dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanacaq Qayıdış Konsepsiyası mükəmməl bir sənəd olacaq. Ümumiyyətlə, Qərbi Azərbaycana qayıdışın təmin olunması milli qürurumuzun tam bərqərar olması, xalqımızın öz gücünü bütün dünyaya bir daha isbatlaması baxımından önəmlidir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmin olunması erməni faşizminin iflası baxımından mühüm əhəmiyyət kəsb edir.

Zaman indi bizim xeyrimizə işləyir. Vaxt çatıb, biz çox tezliklə Qərbi Azərbaycanın bir parçası olan Göyçə gölünün nəğməli sahillərinə dönəcək, erməni vandallarının məkrli niyyətlərinin qarşısına sipər çəkiləcəkdir.

Mirəli MƏCİDOV,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının

ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri.