Güney və Quzey Azərbaycanda çillə gecəsi - çillə bayramı 
Güneydən səslər

Güney və Quzey Azərbaycanda çillə gecəsi - çillə bayramı 

CƏNUBDAN SƏSLƏR...

Əski çağlarda insanlar təbiət hadisələrini diqqətlə izləyərək onları öz yaşayışına, keçirdiyi gün-güzərana təsirinə görə təsnifləndirib və özünün ilkin bədii təxəyyülündə obrazlaşdırmağa çalışıblar. Zaman keçdikcə müdrikləşən, təfəkkürü dərinləşən insan təbiət hadisələrinin daha dəqiq qiymətini verməyə başlayıb. Beləliklə də həmin hadisələr insan üçün önəmli günlərə-bayramlara çevrilib. Çillə bayramı da məhz xalq təqviminə əsasən özəl bir təntənə ilə keçirilən bayramlardan biridir. Bəzi tədqiqatçılar Çillə gecəsi-bayramını Avestada qeyd edilən qədim Zərdüştilik bayramı ilə də əlaqələndirirlər.

 Bu bayram çillə gecəsində, yəni, qış başlandığı gün qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında "ağırlıq, dərd, kəramət, xəstəlik" ("Bu iş mənə çox çilə çəkdirdi", "Çiləm bitmədi ki, bitmədi", yaxud "Çilləyə düşdü", "Çillə çıxarırsız", "Çəkdiyim çiləyə bax") mənalarında da başa düşülür. Etnoqrafik materiallarda göstərilir ki, "xalq təqviminə uyğun olaraq, böyük çillənin birinci ongünlüyü (dekabr ayı) "qarı qatıldı küfləyə", yanvar ayının əvvəli "qarıboğan", sonlarına isə "qurdun insana yerikliyən dövrü" deyilib. Bu da onunla əlaqədardır ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də "qışın qulun (atın balası) salması" dövrü deyilir (Asəf Orucov)".

Çillələrlə bağlı dildən-dilə keçərək günümüzədək gəlib çatan bir çox əfsanələr vardır. Əfsanəyə görə, "Qış" adlı bir kişinin "Böyük çillə", "Kiçik çillə", "Boz ay" adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini - Böyük çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər? Böyük çillə altdan-üstdən bərk geyinir. Ağappaq qardan olan yapıncısını da çiyninə salıb yola çıxır və dekabrın iyirmisində gəlib el-obaya yetişir. İnsanlar səhər oyanıb görürlər ki, hər yan ağappaq qara bürünüb. O zaman bilirlər ki, böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə böyük çillə özünün qar atını belədən-elə, elədən-belə çapacaq...

Əski inanclara görə, "21 dekabr həm də Günəş allahı Mitranın doğulduğu gündür. Çünki 21 dekabrdan sonra gündüzlər yavaş-yavaş uzanmağa, gecələrsə qısalmağa başlayır, yəni həmin gecə xeyir qüvvəsi - Ahuraməzdanın şər qüvvəsi - Əhrimənlə kəskin mübarizəsi nəticəsində işıq qaranlıq üzərində simvolik olaraq qələbə çalır. Bayramın əsas ideyası da budur. Xristianlıqda əsas bayramlardan olan Milad bayramının da çillə gecəsinə oxşarlığı qeyd edilir. Türkiyədə, Güney və Quzey Azərbaycanın müxtəlif şəhərlərində - Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbüstər, Marağa, Naxçıvan, Şəki, Gəncədə, həmçinin kəndlərimizdə, eləcə də İran, Əfqanıstan və digər ölkələrdə bu gecəni xüsusi şövqlə qeyd edirlər. Bu mərasimə xalq gözəl də ad seçib: Çillə bayramı...

Çillə bayramına hələ bir neçə gün qalmış hazırlıq işləri görülür. Çillə gecəsində qarın yağması yeni ildə məhsulun bol olacağını şərtləndirən əlamətdar bir hadisə sayılır və bu fakt insanlara sevinc, ətrafa isə həzin bir sakitlik, təmizlik, paklıq gətirir. Həmin gecə ailə üzvləri, qohum-qardaş, dost-tanış bir yerə yığışır, səmimi məclis qurur və ilin ən uzun gecəsini növbənöv meyvə-nar, alma, heyva, portağal, narıngi və s., müxtəlif şirniyyatlar - noğul, noxud, kişmiş, Təbriz halvası, Urmu halvası, qoz halvası, kök halvası, paxlava, qoz, badam, fındıq, əncir qurusu, balqabaq, günəbaxan tumu və s. yeməklə qeyd edir və sübhədək oyaq qalır, sanki zamanın uzunluğuna meydan oxuyaraq guya onu qısaldırlar.

Qarpız çillə gecəsinin ən gözəl payı, ən əhəmiyyətli atributu hesab olunur. Buna görə də bayram günü demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində mütləq çillə qarpızı olsun. Əksər ailələr çillə qarpızlarını əvvəlcədən alıb saxlayardılar. Etnoqrafik materiallara əsaslanan AMEA Naxçıvan bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov yazır ki, "Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə onu ot və ya samanın içərisində saxlayardılar...".

Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa da işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, "Ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim...". Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Naxçıvanın Ordubad, Şərur rayonlarında yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə bölüb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın arxa tərəfini, yəni tağdan qoparılan hissəsini - nəmnəməsinin dörd yerə bölərək niyyət tutub atılması, bəlkə də dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun ağ və yaşıl niyyətin qəbul olunması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Bundan başqa, kəsilən qarpızdan yeddi evə pay göndərilirdi. Həm də kasıb, imkansız ailələrə yardım edilərdi ki, o ailə də bayram süfrəsinin ətrafında oturub bayram nemətlərindən dadıb şənlənə bilsin. Yoxsa şər qarışanda Çillə ilə bərabər hər evə gələn Xıdır Nəbi o evi bayram naz-nemətindən məhrum görsə, küsüb çıxıb gedər və həmin il ruzi-bərəkəti əsirgəyər və yoxsulluq başlayar. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin də bayram görüşünə gedərkən bayramlıqlar içərisində çillə qarpızı xüsusi yer tutardı:

Bu qarpız, çilə qarpız,

Düşübdür dilə qarpız.

Yığılıb xonçalara

Gedir yargilə qarpız.

Xalq deyimindəki bu motiv Güney Azərbaycanın ünlü modern şairi Ramin Cahangirzadənin "Qarpızlanma" şeirinin də aparıcı xəttidir. Motiv ənənəvidir, amma ənənəviyə yanaşma metodu tamamilə yenidir. Yeni təfəkkürlü şair bu şeiri məhz çillə gecəsi hər bir türkün evinə sevinc gətirən içi qan kimi qırmızı çillə qarpızlarına həsr edib. Eyni zamanda Vətən daşı olmağı bacaran şair bu uzun gecədə kimsəsiz, yalqız və yuvasız quşları, yurdsuz, evsiz-eşiksiz qarındaşlarını da unutmayıb, bu orijinal əsəri onlara da ünvanlayıb... Lakin şairin əsas hadisəyə münasibəti elə birinci bənddə, kəsilərkən rəngi qapqara qarpızlardan axan qırmızı suyun ürəkdən axan qana bənzədilməsi ilə bitir, sonra isə yaşadığı həyatın reallıqlarına söykənən fərdi düşüncə və yozumları sıralanır. Xalq deyimlərinə, folklorun qızıl səhifələri olan inanclara söykənən Ramin bu gün də çillə qarpızı ilə bağlı inancların yaşadığını yazır.

Asəf Orucov inanclara söykənərək deyir ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə görə, çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə qatıq yeyərdilər. Həmin gecə süfrəyə adları "q" hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn, qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.

 "Çillə suyu" böyük çillədə əkin sahələrinə verilən suyun adıdır. Qış fəslinin Böyük çillə adlanan qırx günündə, özəlliklə dolanışığını əkib-becərməklə təmin edən Güney və Quzey Azərbaycan əkinçiləri əkin sahələrini, bağ-bağatı, bostan-tərəvəz yerlərini, üzümlükləri suvarırlar. El arasında "çillə suyu" adlanan bu suvarma torpağın nəmliyinin saxlanmasına kömək edir, ziyanvericiləri qırır, torpağın şoranlaşmasının, habelə ağacların vaxtından əvvəl çiçəklənməsinin qarşısını alır. İlin bu çağında bağlara verilən çillə suyu gecələr donur və bu donma ağaclara da təsir edərək onların qış yuxusundan tez oyanmasının qarşısını alır. Bu da onların barının, bəhərinin çox olmasına gətirib çıxarır. Həsən bəy Zərdabi çillə suyunun elmi əhəmiyyəti barədə yazıb ki, bizim tarlalarımıza qış zamanı verilən su donur və sürülmüş şum yerlərini daim yumşaldır, əkin yerlərini hamarlayır. Həsən bəy bu məqamda yerinə düşən bir el məsəlini də xatırladır: "Böyük çillədə suvaran çox, kiçik çillədə suvaran isə az məhsul götürər".

Türkiyədə çillə gecəsi, yəni ilin ən uzun, ən qaranlıq gecəsi ilə bağlı Osmanlı imperatorluğu dönəmində yaranmış bir beyt günümüzədək yaşamaqdadır. Beytin müəllifi maraqlı paralellər aparır və qeyd edir ki, bu zülmət gecənin uzunluğunu, neçə üzücü saat çəkdiyini qəmə tuş gələnlər, dözülməz kədərə mübtəla olanlar bilər, yəni dərdli insanın gecəsi bitməz, səhəri açılmaz: "Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir Müptelayı gama sor kim geceler kaç saat?"

Eyni mənanı Türküstanın ünlü şairi İshakxan İbrətin "Ahımın tüstüsündən həyatım, Yelda gecəsitək qara olubdur" beytində də izləmək imkanını etnoqraf alim Güllü Yoloğlu "21 dekabr - Çillə gecəsi" yazısında yaradıb.

Güney və Quzey Azərbaycan sevdalı şair, türkçü və Turançı ictimai xadim olan Əhməd Cavad da xalq yaddaşına, əski adət, ənənə və inanclara, söykənərək çoxlu şeirlər yazıb. Ə.Cavadın "Çillə şərqisi" şeiri o taylı-bu taylı, güneyli-quzeyli soydaşlarımızın ruh yüksəkliyi, böyük həyat eşqi, təbiətə sonsuz sevgi ilə keçirdikləri çillə bayramının özəlliklərini, yaza, günəşə, bol məhsula qovuşmaq istəklərini ifadə edir:

Qabağı yazdır çillənin,

Ömrü azdır çillənin.

Yer bürünür ağ qara,

Təslim olur bahara.

E.ŞÜKÜROVA,

filologiya elmləri doktoru.