Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb
Ekologiya

Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb

Avqustun 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.

 

"Respublika" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.

 

Qəbələdə düşən yağıntının miqdarı 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.

 

Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.

 

Gözlənildiyi kimi havanın temperaturu avqustun ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-da 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.

 

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.