Havadan asılı ölkə
Digər xəbərlər

Havadan asılı ölkə

Dəqiq ifadə edilən bu sözlər ermənilərə məxsusdur, ağlı və düşüncəsi yerində olan, reallığı qəbul edən, ölkəsinin indiki və gələcəkdəki acınacaqlı vəziyyətini dərindən anlayan haylar xəstə və xəyalpərvər cəmiyyəti qəflət yuxusundan oyatmağa cəhd edirlər. Lakin həqiqəti əks etdirən belə fikirlər qara buludlarla örtülmüş səmaya bənzəyən, yüz illərlə nəsildən-nəslə beyinlərə yeridilən zəhərli ideyaların burulğanında çabalayan Ermənistanda bir o qədər də diqqəti özünə cəlb edə bilmir.

Ötən əsrin 90-cı illərində "öz müqəddəratını təyinetmə" kimi sərsəm ideyaların təsiri altında azərbaycanlıların torpağında erməni dövləti qurmaq üçün bütün eybəcərlikləri və vəhşilikləri törətdilər, hiylə, böhtan yolu ilə otuz il özlərinə təskinlik verdilər ki, guya "dövlət" qurublar. 2020-ci ilin noyabrında məlum oldu ki, hayların xəbis niyyətləri kimi bu da yalan və quramaymış. Vaxtilə Qarabağa köçürülən ermənilər burada həmişə dinc və asudə yaşayıblar, 1988-ci ildən başlayaraq Xankəndidə meydanlarda qışqıran haylar Ermənistana birləşmək iddiası irəli sürdülər, sonradan onları dirijor çubuğu ilə dövlət qurmağa yönəltdilər. Və elə həmin vaxtlardan başlayaraq dinc ermənilərin böyük əksəriyyəti terrorçuya, quldura, caniyə çevrildilər, onlara süni nəfəs verən ideoloqlar hayların taleyi üzərində oyun oynadılar, öz mənafelərini qorudular. İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizdən sonra kölgəyə çəkilərək aradabir rus sülhməramlılarının arxasından nəsə qırıldayırlar. İkinci Qarabağ müharibəsində qədim torpaqlarımızda kinli, qəddar və qaniçən niyyətli ermənilərin sarmaşıq kimi sarıldıqları "ideya"lar, "dənizdən-dənizə" nağılları paramparça edildi, şanlı ordumuzun bölmələrinin şücaəti ilə döyüş meydanında məğlub olan, diz çökən, təslim olan Ermənistanda sülhə və qonşuluğa dair bir tərpəniş hiss olunmur, əksinə, erməni cəmiyyətini bir çaxnaşma bürüyüb. Hər ağızdan bir avaz gəlir. Ümid edirlər ki, onların əvəzinə kimsə gəlib döyüşəcək, hələ də bəlkə də qaytardılar xülyası ilə nəfəs alan araqarışdıranlar toplumu nəyəsə ümid edirlər. Əbəs yerə, Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz, bu barədə dəfələrlə bildirilib. Qarabağa və Şərqi Zəngəzura həyat qaytaran dövlətimizin başçısı İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə bildirib ki, "indi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər. Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi".

Düşmən ölkədə isə yalan xəbərlər, illüziyalar, ehtimallar tayfun kimi hər tərəfi öz ağuşuna alıb, erməni informasiya maşını gerçəkliyi və reallığı əks etdirməyən xəbərləri tirajlayır. Erməni mətbuatının yazdığına görə, bu yaxınlarda hökumətin iclasında Nikol Paşinyan baş nazir vəzifəsində jurnalistlərin istifadə etdiyi "etibarlı mənbə" ifadəsini bir neçə dəfə təkrarlayaraq deyib ki, etibarlı mənbədən əldə etdiyim məlumata görə Azərbaycan Laçından keçidin birtərəfli olması, yəni çıxışın açıq, girişin bağlı olması üçün proqram hazırlayır. Xankəndidəki "etibarlı mənbə" isə bildirib bu xəbər onlara çoxdan məlumdur. Əlavə olunub ki, "sülhməramlılar" vasitəsilə bölgəyə 100 tondan çox un gətirilib və hazırda orada çörək problemi yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın müxtəlif yalanlara inandığına görə daim havadan asılı ölkə vəziyyətinə düşdüyü göz qabağındadır. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan sülh danışıqlarını qəsdən ləngidir, Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurd yerlərinə qayıtmalarına mane olur, üçtərəfli Bəyanata görə Xankəndiyə və ətraf ərazilərə azərbaycanlı əhalinin qayıdışını Rusiya sülhməramlıları ilə birlikdə yerinə yetirmir. Mövqeyi, verdiyi vədi sual altında olan ölkə təxribatla məşğul olur, şərti sərhəddə demək olar ki, hər gün atəş səsləri eşidilir, müxtəlif texniki vasitələrlə Azərbaycan ərazilərinə soxulmaq cəhdləri edilir. Müxalif erməni jurnalist Armine Ohanyanın yazdığına görə anadan bədbəxt və qorxaq doğulan revanşçı ermənilər yenidən "birləşək, sonadək mübarizə aparaq" sözləri ilə hayların şovinist nəbzini əldə saxlamağa çalışırlar. Jurnalistin "demirəm ki, tarixi unudaq, reallıq budur ki, cəmiyyət gələcəyə reallıq baxımından yanaşmalı, düşüncə tərzini dəyişməlidir" sözləri ilə həm deputatlara, həm də bütün ictimai-siyasi qurumlara müraciət etməsi yenə ciddi qınağa, hətta təhqirə yol açıb. Özünü hüquq müdafiəçisi hesab edən bir erməni isə deyib ki, cəmiyyət hansısa ictimai-siyasi təşkilat deyil ki, vəzifə, yaxud deputatlıq naminə siyasətini, düşüncəsini dəyişsin. Erməni xalqı sıx birləşib öz 30 il əvvəlki qələbəsini yenə əldə etməlidir. Bax, ermənilik budur, xalqı hakimiyyətə və Azərbaycana qarşı barışmaz mövqe tutmağa çağırışları daha çox eşidilir.

Otuz ilə yaxın münaqişəni həll edə bilməyən, ikili standartlar nümayiş etdirən, ermənipərəst mövqedə dayanan, işğalı dondurmağa çalışan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan tərəfdən Laçınla həmsərhəd Kornidzor kəndində olub. Deyəsən, ATƏT XIX əsrdə yaşamış bizim Şeyx Nəsrullah kimi ölü diriltmək həvəsinə düşüb, durbinlə Azərbaycan ərazilərinə baxan Kaspşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etmək niyyətində olub. Lakin rəsmi Bakı onun bu səfərinə ehtiyac görməyib, bunu vaxt itkisi hesab edərək razılıq verməyib. İki il yeddi ay bundan əvvəl döyüş meydanında qələbə çalaraq işğal altındakı torpaqlarını azad edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Bu qəti və dəyişməz mövqeyinin qarşısında aciz duruma düşən Ermənistan isə çabalayır, qapıları döyür, kömək istəyir, yalvarır, əlacı kəsiləndə pensiyaya çıxan avropalı şəxsləri ölkəsinə dəvət edir, guya müşahidəçi görüntüsü yaradır, manipulyasiya ilə məşğul olur. Ermənistanın hazırkı durumunu erməni jurnalist bizim ölkə səmimiliyi, dəyərli standartları demoqoqluq və ikiüzlülük içində dəfn edib sözləri ilə təsvir edir.

Yalan, hiylə, terror yuvasına çevrilmiş tarixi ərazimiz olan Xankəndidəki xunta rejimi rəsmi Bakının sülh və reinteqrasiya təklifini yubatmağa çalışır, müxtəlif fərziyyələr səsləndirir, dərə xəlvət tülkü bəy olan separatçılar qurama teatr tamaşaları düzəldir, hətta sarsaq bəyanatlar verirlər. Bu şər və böhtan yuvası təmizlənməlidir. Onlar orada nə qədər çox qalsalar, bir o qədər də təxribatla məşğul olacaqlar. Çünki Ermənistan hakimiyyəti, Qarabağdakı separatçı rejim qalıqları artıq xeyli müddətdir ki, müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirir, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Nə qədər kor olmalısan ki, hər gün Laçın sərhəd-keçid məntəqəsindən istifadə edən yüzlərlə ermənini görməyəsən, hayların sərbəst gediş-gəlişini yalan və böhtanla örtməyə çalışasan. Havadan və yalandan asılı qalan Ermənistan və Xankəndidəki əlaltıları nə qədər tez anlasalar ki, Azərbaycan öz torpaqlarında separatçılara, revanşistlərə, canilərə, terrorçulara imkan verməyəcək, günün birində qədim yurd yerimiz Xankəndidə və ətraf ərazilərdə antiterror əməliyyatları keçirəcək. Azərbaycan qanunlarına tabe olmayanlara bizim torpaqlarda yer yoxdur.

Salman ALIOĞLU,

"Respublika".