Hayastan sülhün deyil, münaqişənin, yeni müharibənin tərəfdarıdır
Siyasət

Hayastan sülhün deyil, münaqişənin, yeni müharibənin tərəfdarıdır

İşğalçı Ermənistanın ölkəmizə qarşı illərdir həyata keçirdiyi düşmənçilik siyasətinə son qoymaması, münasibətlərin normallaşmasına səy göstərməməsi və bütün bunların fonunda sülh gündəliyinin irəli aparılmaması qarşı tərəfin regionda sülhün tərəfdarı olmadığının göstəricisidir. Qeyri-konstruktiv mövqeyi ilə sülh prosesini ləngidən Ermənistanın ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən addımları, 2020-ci il 10 noyabr Bəyanatına əsasən çıxarılmalı olduğu qanunsuz silahlı birləşmələrini hələ də Azərbaycan ərazilərində saxlaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına mane olması, minabasdırma fəaliyyətini davam etdirməsi bunu bir daha təsdiq edir. İkinci Qarabağ müharibəsində qalib tərəf olan Azərbaycan Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasına nə qədər cəhd göstərirsə, Ermənistan da bir o qədər təxribatları, cinayət əməlləri ilə bölgədə sülhü təhdid edir.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin tələbatlarının ödənilməsi üçün Laçın yolundan daha əlverişli olan Ağdam-Xankəndi yolu ilə yüklərin maneəsiz daşınmasından imtina edərək "humanitar blokada" mənzərəsi yaradan məkrli düşmən beynəlxalq aləmdə əks-təbliğat aparmaqla vəziyyəti gərginləşdirməyə davam edir. Laçın yolu ilə bağlı yalan, əsassız informasiyalar yayan separatçılar Xankəndidə yaşayan əhalinin çətin vəziyyətdə olduğunu bildirərək siyasi manipulyasiyalar edir. Azərbaycan tərəfinin Laçın yolunun başlanğıcında yaratdığı sərhəd-nəzarət-buraxılış məntəqəsinin götürülməsi üçün bütün cəhdlərinin boşa çıxmasından sonra düşmən ölkə hər zaman olduğu kimi, iftiralara, böhtanlara əl atır. Amma onun bu fəaliyyəti heç bir nəticə vermir, çünki bütün dünya Ermənistanın həyata keçirdiyi siyasətdən artıq xəbərdardır. İsbata, təhlilə ehtiyacı olmayan bir fakt Ermənistanın yalanlarını ifşa edir. "Aclıq, səfalət" içində olan əhalinin ona göndərilən humanitar yardımı qəbul etməməsi bütün dünyanın maraqla izlədiyi erməni şousunun əsassız olduğunu sübut edir. Belə ki, avqustun 29-dan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan 40 ton undan ibarət humanitar yardım hələ də Ağdam-Xankəndi yolundadır.

Laçın yolu ilə qaçaqmalçılığına, qanunsuz fəaliyyətlərinə son qoyulması "məzlum" xalqı özlərinin dediyi kimi, həqiqətən də "çətin" vəziyyətə salıb: quldurluqlarının qarşısı alınıb. Azərbaycanın təbii sərvətlərini dünya bazarlarına çıxarmaqla əldə etdikləri qazanc boğazlarında qalıb. Buna görədir ki, ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən humanitar yardımı qəbul etmir, çünki separatçılar humanitar fəlakətlə deyil, siyasi fəlakətlə üzləşiblər. Onlara hava, su, elə çörəkdən də vacib olan silah-sursatın daşınması üçün yollar axtarır, rus sülhməramlılarının himayəsi altında qanunsuz əməllərini davam etdirirlər. Bu günlərdə sosial şəbəkələrdə Qarabağdakı qeyri-qanuni erməni silahlılarının Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolundan silah-sursat daşımasını əks etdirən daha bir görüntü yayımlanıb.

Ermənistanın Cənubi Qafqazda sülhü təhdid edən, xalqların birgəyaşayışına mane olan əməlləri səngimir. İkinci Qarabağ müharibəsindən dərs almayan düşmən Azərbaycanın sülh təklifini qəbul etdiyini, ölkəmizin ərazi bütövlüyünü tanıdığını sözdə bəyan etsə də, əməldə bunun tam əksini həyata keçirir. Sülh prosesini uzatma taktikası ilə regionda vəziyyəti gərginləşdirir. İmzaladığı kapitulyasiya aktının müddəalarını yerinə yetirməkdən boyun qaçırmaqla qanunsuz silahlı qüvvələrini nəinki Qarabağdan çıxarmır, onların silahlandırılması üçün hər vasitəyə əl atır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən Zəngəzur dəhlizinin açılmasına imkan vermir. Artıq dəmir yolunu, avtomobil yolunu Zəngilana qədər çəkən Azərbaycana Zəngəzur dəhlizinin marşrutunu belə açıqlamır. Bütün bunlar Ermənistanın sülhün deyil, münaqişənin, yeni müharibənin tərəfdarı olduğunu, revanşist fikirlərlə yaşadığını göstərir.

44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan üçüncü müharibəni istəmədiyini və Ermənistanın çirkin əməllərindən əl çəkmədiyi, təxribatlar törətdiyi təqdirdə layiqli cavab alacağını dəfələrlə bəyan edib. Haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarı olan, ərazi bütövlüyünü güc yolu ilə bərpa edib, suverenliyini qoruyan müstəqil dövlətimiz nəyə qadir olduğunu bütün dünyaya göstərib və dünya Azərbaycan həqiqətlərini qəbul edir. Uzun illər yalvarmaqla, dondan-dona girərək bütün dünyanı uydurduqları yalanlara inandırmaqla istəklərinə nail olan Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimə daha inanan yoxdur.

Mehparə ƏLİYEVA,

"Respublika".