Hayastanın yeni təxribat planları
Digər xəbərlər

Hayastanın yeni təxribat planları

Ermənistan avqustun 16-da baş tutan BMT Təhlükəsizlik Şurasının iclasında rəzil duruma düşdü. Bütün dünya bir daha bu işğalçı ölkənin beynəlxalq ictimaiyyətin gözündən pərdə asmağa çalışdığının şahidi oldu. Daha dəqiq desək, iclas beynəlxalq ictimaiyyətin mənfur Ermənistanın saxta oyunlarından boğaza yığıldığını açıq şəkildə göstərdi. Bu isə Ermənistana qarşı dünya dövlətlərində bir növ mənfi rəy formalaşdırdı. Bu cür mürəkkəb şəraitdə mənfur Hayastan ayıbına kor olmaq əvəzinə, xain planlarını davam etdirir.

Belə ki, Nikol Paşinyanın Qafana səfəri baş tutub. Bu səfər erməni fitnəkarlığının növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir. Belə ki, Qafan aeroportuna gələn Ermənistan baş naziri daha sonra ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə gəzərək bir sıra tapşırıqlar verib. Səfər hələ reallaşmazdan öncə Qafan-İrəvan daxili reyslərinin açılması istiqamətində işlərin aparıldığı bildirilmişdi. Bundan başqa, Ermənistan mediasında sınaq texniki uçuşlarının həyata keçirildiyi barədə məlumatlar da yayılmışdı. Bütün bunlara baxmayaraq, aeroportda həyata keçirilən ilk uçuş uğursuz kimi qiymətləndirilir. Bunu Paşinyan özü də bildirib. İrəvandan Qafana müntəzəm olaraq uçuşların başlanması üçün tarix hələ ki, dəqiq deyil. Buna əsas səbəb isə sınaq uçuşu zamanı meydana çıxan texniki nasazlıqlardır. Qnel Sanosyan da hökumətin uçuşların təşkili ilə bağlı bəzi texniki məsələləri həll etməsinin vacibliyini diqqətə çatdırıb. Bir məsələni də vurğulayaq ki, İrəvandan Qafana sınaq uçuşu ümumilikdə 46 dəqiqə təşkil edib. Əslində isə müəyyən olunmayan sərhəddə hava limanının tikintisi sadəcə ara qızışdırmaq məqsədi daşıyır. Çünki Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Hətta aeroportun daxili yollarını belə açıq-aydın görmək mümkündür. Qərb qonşumuz isə bu günə qədər guya təhlükəsizlik tam təmin olunmadığı üçün sözügedən aeroportun açılışını reallaşdırmamışdı.

Daha bir maraqlı məqam isə odur ki, buradan qalxan təyyarələr birbaşa Azərbaycanın hava məkanını pozmuş olacaq. Ermənistanın hər bir addımının altında ölkəmizə qarşı bir təxribat gizlətdiyini nəzərə alsaq, hayların bu aeroportdan hərbi məqsədlər üçün də istifadə edəcəyi hər kəsə məlumdur. Azərbaycan isə Hayastandan fərqli olaraq Zəngilan hava limanını sərhəddən xeyli aralıda tikib. Başqa sözlə, ölkəmiz külək gücünü nəzərə alaraq təyyarələrin Ermənistan ərazisinə uçması riskini aradan qaldırıb.

Xatırladaq ki, Qafan hava limanı hələ Sovet dövründə fəaliyyət göstərirdi. Amma həmin vaxt bütün respublikalar vahid məkanın tərkib hissəsi idi. Bu baxımdan, faktiki sərhədlər hələ müəyyənləşməmişdi. Transsərhəd hava limanları Avropada da fəaliyyət göstərir. Amma bu cür beynəlxalq məkanın tikintisi qanunvericiliklə tənzimlənir. Ermənistanın Qafan aeroportunun tikintisində Azərbaycanla razılığa gəlməməsi isə onun beynəlxalq normalara bir daha zidd hərəkət etdiyinin göstəricisidir. Ermənistan ölkəmizin öz hava məkanının pozulmasına imkan verməyəcəyini dərk etməlidir. Şübhəsiz, hayların bu cəhdi də uğursuz olacaq. Bir məsələni də qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfinin təxribata hazırlaşdığı barədə də müəyyən məlumatlar mövcuddur. Çünki Paşinyanın hava limanına səfəri zamanı bu istiqamətdə atışma baş verib. Məsələnin ən gülünc tərəfi isə atəşin guya Azərbaycan hərbçiləri tərəfindən açılması ilə bağlı saxta iddialardır. Əslində, düşmənin son zamanlarda müxtəlif dezinformasiyalar yaymaqla dünya ictimaiyyətinin fikrini yayındırmağa çalışdığını xatırlasaq, bu, heç də təəccüblü deyil. İşin maraqlı tərəfi bu dezinformasiyanın məhz Paşinyanın səfərindən sonra yayılmasıdır.

Bütün bunlar bir daha BMT Təhlükəsizlik Şurasında istədiyi nəticəni əldə edə bilməyən Ermənistanın sərhəd boyunca təxribatlar törədərək eskalasiyanı reallaşdırmağa çalışdığını söyləməyə əsas verir. Mənfur qonşumuz hələ də Qarabağının Azərbaycan ərazisi kimi tanındığını həzm edə bilmir. Ermənistan Qafandakı aeroportun fəaliyyətini bərpa etməklə özlüyündə bizi mövqeyimizdən döndərməyə çalışır. Belə bir zamanda erməni kəşfiyyat-diversiya qrupunun ərazilərimizə sızmaq cəhdi də bunun təcəssümüdür. Bildiyimiz kimi, sərhədin müxtəlif istiqamətlərində açılan atəşlər də məhz düşmənin xain planının bir parçasıdır. Sadaladığımız faktlar bir daha Ermənistanın sərhəddə yeni təxribatlara hazırlaşdığını açıq şəkildə bəlli edir.

Nəzrin ELDARQIZI,

"Respublika".