Hayların sülh prosesini pozmaq cəhdi
Siyasət

Hayların sülh prosesini pozmaq cəhdi

Xəbər verdiyimiz kimi, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş razılıqdan son anda boyun qaçırdı.

Xatırlatmaq lazımdır ki, Qarabağ erməniləri bundan əvvəl Bakıya da dəvət olunmuş və eyni vəziyyət həmin vaxtda da yaşanmışdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan ərazisində yaşayan ermənilər əgər Azərbaycan qanunlarına tabe olmaq istəmirlərsə, buranı tərk etməlidirlər. Qeyd etmək lazımdır ki, ermənilərin bu çağırışdan son anda imtina etməsində məhz Xankəndidə yerləşən separatçı qüvvələrin də əli ola bilər. 

Millət vəkili Səməd Seyidov bildirib ki, cənab Prezident artıq bununla bağlı konkret olaraq məsələyə aydınlıq gətirib: "Birincisi, Qarabağda yaşayan ermənilər həmin ərazidə onları girov saxlayan separatçıların qurbanına çeviriblər. Yəni bu gün Azərbaycanın sülh istiqamətində atdığı addımlarını məhz orada cinayət törətmiş, azərbaycanlılara qarşı soyqırımı siyasətində iştirak etmiş, öz aqibətini artıq çox gözəl bilən və başa düşən qüvvələr məhv etməyə çalışır. Xüsusilə, Vaqif Xaçaturyanın həbsindən sonra cinayətkarlar, separatçılar, orada yaşayan bir qrup Azərbaycan vətəndaşı olacaq ermənini girov saxlayırlar. Onlar əllərindən gələni edirlər ki, Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla hər hansı bir kontaktının qarşısı alınsın. Bunun üçün nə edirlər?! Təbii ki, provokasiyalara əl atır, danışıqlardan imtina edirlər".

Deputat təəssüf hissilə bildirib ki, həmin o separatçıların fitvasından bəzən rus sülhməramlı qüvvələr də əks-hərəkət etməyə başlayır: "Bu, çox narahatedici bir məqam, qəbulolunmaz bir məsələdir. Mən əminəm ki, gec-tez bu məsələ öz həllini tapacaq. Ona görə ki, Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Həmin o separatçılar, cinayətkarlar, revanşistlər müxtəlif istiqamətdə beynəlxalq ictimaiyyəti də bu prosesə cəlb etmək istəyirlər. Siz bilirsiniz, sabah da Birləşmiş Millətlər Təşkilatında Laçın dəhlizi ilə bağlı müzakirələr olacaq. Bu, bir də onu göstərir ki, faktiki Qarabağda məskunlaşmış cinayətkarlarla regionda müharibə və xaos arzusunda olan qüvvələr Azərbaycana qarşı birləşib. Bu qüvvələr həm xaricdə, həm Ermənistanda, həm də təəssüflər olsun ki, Qarabağın içərisində var. Yəni hazırda separatçı qüvvələr Qarabağdakı erməniləri girov götürüb onları əllərində alət kimi Azərbaycana qarşı istifadə edirlər".

Parlamentari onu da qeyd edib ki, Azərbaycan tərəfi ümumi sülh danışıqlarını yekunlaşdırmaq üçün kifayət qədər addımlar atır:

"Ermənistan tərəfi isə aktiv şəkildə sülh prosesini pozmağa cəhd göstərir. Lakin onlar nə qədər əngəl törətmək istəsələr də, sülhün çox yaxın bir müddətdə əldə olunma ehtimalı var. Dediklərim hər nə qədər paradoksal səslənsə də, bu, belədir. Ona görə ki, gözəl atalar sözü var: sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Həm Qarabağdakı separatçılar, həm Ermənistanda, həm də xaricdəki ermənilər o dərəcədə aktivlik göstərirlər ki, dünya ictimaiyyəti bu qeyri-konstruktiv davranış vasitəsilə bunların nə dərəcədə qanunazidd hərəkət etdiyinin şahidi olacaq. Ona görə də hesab edirəm ki, sülh prosesinin aktiv fazaya keçməsi üçün separatçı qüvvələrin ifşası tam şəkildə həyata keçməlidir. Biz bununla məşğuluq. Avropanın və ümumilikdə dünyanın separatçılıqdan əziyyət çəkdiyi bir vaxtda separatizmi gündəmə gətirmək ən azı sadəlövhlükdür. Ona görə bu nöqteyi- nəzərdən hesab edirəm ki, səbirli olmaq lazımdır. Bu istiqamətdə bizim mövqeyimiz çox güclüdür".

Nuranə DAXİLQIZI,

"Respublika".