Xaos və destabilliyi qoruma cəhdləri faydasızdır
Siyasət

Xaos və destabilliyi qoruma cəhdləri faydasızdır

Ölkəmiz İkinci Qarabağ müharibəsində işğalçıları torpaqlarından təmizləyərək tarixə yazılan qələbə əldə etdi. Heç şübhəsiz ki, bu qalibiyyət bir çox ölkələrdə qısqanclıq hissi yaratdı. 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqları qəbul etməkdə çətinlik çəkən dövlətlərdən biri də görünür məhz Amerika Birləşmiş Ştatlarıdır.

Hələ 1992-ci ildə, yəni Ermənistanın Azərbaycana təcavüzünün ən pik zamanında ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş qəbul edilmişdi. 1992-ci il aprelin 3-də ABŞ prezidenti Corc Buş Konqresə müraciət edərək yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. "Azadlığa Dəstək Aktı" adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu. Lakin 907-ci düzəlişdə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan çox ədalətsiz bir qayda tətbiq olundu. Üstündən 4 il keçməmiş, ABŞ Konqresindən daha bir zərbə gəldi. "Porter əlavəsi" adlandırılan həmin qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Lakin ulu öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində Konqresin Azərbaycana qarşı daha bir qərar qəbul etməsinin qarşısı alındı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən birbaşa şübhə altına alınma təhlükəsi aradan qalxdı. ABŞ qaynaqlarının rəsmi statistikasına görə 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb. Bu yardımı əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı isə 45 milyon dollardan çox olmayıb. Belə nəticə çıxır ki, ABŞ xarici siyasətində ikili standart hakimdir və bu ölkənin anti-Azərbaycan mövqeyi 30 il əvvələ dayanır. ABŞ 30 ildən artıq müddət ərzində işğalçıların, terrorçuların, separatçıların yanında dayanıb. Həmin dövrdə ABŞ-ın verdiyi bəyanatlar işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas müdafiəçisi kimi göstərən Amerika işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt dəstək nümayiş etdirməyib.

2020-ci ildə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. O vaxtdan da Azərbaycana qarşı fərqli yollarla plan quraraq zərbə endirmək istəyirlər. Amma bunu da bacara bilmirlər. Çünki Azərbaycan hökuməti və ordusu həm siyasi arenada, həm də müharibə meydanında lazımi cavablar verir.

Müxtəlif zamanlarda ABŞ-ın erməni lobbisinin dili ilə danışan senatorlar çox olub. Tarix boyu sülhdən, ədalətdən, insan hüquqlarından danışan ABŞ bu gün haqsızın, günahkarın yanında durub. Separatçılığa dəstək verməklə, regionda Rusiya - Ermənistan qarşıdurması yaratmaq üçün Ermənistanı bütün platformalarda dəstəkləməklə, Azərbaycan əleyhinə bəyanatlar qəbul etməklə yeni müharibə ocağı yaratmaq istəyir.

Qeyd edək ki, cari il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilib. Bu dinləmələr birbaşa olaraq qeyri-obyektiv yanaşmanın təzahürü olmaqla yanaşı, həm də təxribatdır. Dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bu, əlbəttə, ciddi məqamdır. Məqsəd aydındır: münaqişəni bərpa etmək, sülh prosesinin qarşısını almaq. Halbuki bu cəhdlər əbəsdir. Eyni zamanda konqresin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib və bununla da ölkəyə qarşı açıq-aşkar qeyri-dost addım atıb. Bu proses Azərbaycanın həm xarici siyasətinə, həm beynəlxalq imicinə heç bir təsir göstərməyəcək.

ABŞ məhz başqalarının daxili işlərinə qarışmaqla, ayrı-seçkilik yanaşması göstərməklə bu gün dünyanı sürətlə üçüncü dünya müharibəsinə doğru aparır. Liviya, Suriya, İraq və Əfqanıstandakı bugünkü durum ABŞ-ın dağıdıcı xarakterli siyasi kursunun nəticəsidir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də məhz Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da Amerikadır. Bu gün dünyada münaqişələrin alovlanmasına xidmət edən ABŞ-ın növbəti məqsədi Cənubi Qafqazı da Yaxın Şərqin halına salmaqdır.

Röya RÜSTƏMLİ,

"Respublika".