Siyasət

"9-cu bənd" fəndi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılması məsələsinə münasibəti erməni dairələrinin kəskin etirazına səbəb olub. Lavrovun da öz növbəsində Ermənistan baş naziri Nikol Paşinyanın İran hansı şərtlərlə Azərbaycandan Naxçıvana yol verirsə, eyni şərtlərlə biz də verməyə hazırıq açıqlamasını məntiqsiz adlandırmasının səbəbi var.

Lavrov bu açıqlaması ilə Ermənistandan keçən yola nəzarət məsələsinə etiraz edir və 10 noyabr Bəyanatının doqquzuncu maddəsindən sitat gətirərək bu nəzarətin Rusiya ilə razılaşdırıldığını xatırladır. Bununla paralel olaraq, 2021-ci il razılaşmasına da istinad edir və bildirir ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində bütün əlaqələr və marşrutların keçdiyi ölkələr öz ərazilərindən keçən bu marşrutlar üzərində suverenlik və yurisdiksiyasını tam olaraq saxlayırlar. Eyni zamanda vurğulanır ki, marşrut Ermənistanın suveren ərazisindən keçir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin nəzarəti altında Azərbaycandan Ermənistana girişdən və Ermənistandan Naxçıvana çıxışında sərhəd və gömrük nəzarəti prosedurları da prinsipcə razılaşdırılıb. 10 noyabr bəyanatının 9-cu bəndi tam olaraq belədir: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Burada Ermənistanın maneəsiz hərəkətinin təminatına zəmanət verməsindən söhbət gedir. Maneəsiz hərəkət isə hər hansı gömrük və sərhəd yoxlamasının olmaması deməkdir. Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun özünə də çox yaxşı məlumdur, çünki Rusiya Kalininqrada məhz maneəsiz yolla çıxır və hətta bir deyil, iki ölkənin - Belarus və Litvanın ərazisindən keçir. Azərbaycan da Zəngəzur yolundan yalnız Azərbaycan vətəndaşları və yükləri üçün keçid prinsipini irəli sürüb. Bu da Rusiyanın istifadə etdiyi Kalininqrad dəhlizi məntiqinə tam uyğundur.

2021-ci ildə baş nazir müavinlərinin beş üçtərəfli görüşü keçirilib. Ancaq bu görüşlərlə bağlı yayılan informasiyaların heç birində Azərbaycan vətəndaşları və yüklərinin gömrük və sərhəd yoxlamasından keçməsinin razılaşdırıldığı haqda məlumat yoxdur. Üstəlik, Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatından sonra hər zaman Zəngəzur yolunun bu prinsiplə fəaliyyət göstərməsinin vacibliyində israr edib. Buna görə də, Lavrovun əsaslandığı razılaşma mübahisə doğura bilər.

Zəngəzur yoluna nəzarət uğrunda Rusiya ilə Ermənistan arasında ciddi fikir ayrılığının yaşanması da diqqətçəkən başqa bir məqamdır. Paşinyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir və bu razılaşmadan müxtəlif manipulyasiyalarla imtina edir. Bu, Qərbin də maraqlarına uyğun deyil. Lavrovun Paşinyanın açıqlamasına məntiqsiz deməsinin səbəbi də budur.

Azərbaycan üçün vacib olan ölkəmizin qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun maneəsiz olması, vətəndaşların və yüklərin bu yoldan heç bir yoxlama olmadan keçididir ki, bu da 10 noyabr Bəyanatında öz əksini tapıb.

Tacir SADIQOV,

"Respublika".