Hayların vəkili kimi çıxış edən
Digər xəbərlər

Hayların vəkili kimi çıxış edən "humanitar" təşkilat

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə başlayan Birinci Qarabağ müharibəsi saysız-hesabsız faciələrə, hərbi cinayətlərə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına səbəb oldu, bölgədə humanitar fəlakət yaratdı. Münaqişənin bu günədək aktual olan ən ağır nəticələrindən biri isə 4000-ə yaxın azərbaycanlının hələ də itkin hesab olunmasıdır. 30 ilə yaxındır ki, Ermənistan tərəfi itkin hesab olunan həmin şəxslərin sonrakı taleyi barədə məlumat verməkdən yayınır. Təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistanın əsir və girovluğundan azad edilmiş şəxslərin ifadələri azərbaycanlılara qarşı müxtəlif işgəncələr verilməsi, qeyri-insani rəftar və qətlə yetirilmə hallarını təsdiq edir. Həmin şəxslər bu gün də bu xəsarətlərin izlərini daşıyırlar. Belə ki, itkin düşmüş şəxslər arasında Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı girov götürülmüş mülki şəxslər də var. Halbuki, beynəlxalq humanitar hüququn bununla bağlı tələbləri aydındır: "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" IV Cenevre Konvensiyası və I Əlavə Protokola əsasən, mülki şəxslərin girov götürülməsi birbaşa göstərişlə qadağandır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan axtarışlar zamanı çoxsaylı kütləvi məzarlıqlar aşkarlandı ki, burada tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilir. Azərbaycanlı itkinlərin ailə üzvləri hər dəfə azad edilmiş ərazilərdə bu cür məzarlıqların tapılması xəbərindən təsəlli tapırlar. Təəssüf ki, Ermənistan tərəfi beynəlxalq hüquqi öhdəliklərinə və bununla bağlı çoxsaylı çağırışlara baxmayaraq, bu məsələdə də əməkdaşlıqdan boyun qaçırıb və dəfn yerləri ilə bağlı məlumatları təqdim etməyib. Bütün bunlar beynəlxalq hüquqa qarşı açıq hörmətsizliyin göstəricisidir. Belə ki, beynəlxalq humanitar hüquq şəraitin imkan verdiyi hallarda ölən şəxslərin ayrı-ayrı dəfn edilməsini tələb edir. Meyitlərə hörmət edilməli, onlar ləyaqətlə dəfn olunmalı, məzarlar asanlıqla tapılması və qorunması məqsədilə işarə edilməlidir. İtkin düşən azərbaycanlılarla bağlı məlumatların əldə edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edilsə də, gözlənilən nəticə əldə edilməyib.

Ümumilikdə, azad edilmiş ərazilərdə aşkar olunmuş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb. 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilib və onların qalıqları ailələrinə təhvil verilərək dəfn mərasimləri də keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanları isə hərbi qulluqçulara aid olub. Bu faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərini birbaşa pozması hallarını sübut edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu faktlar əsasında nəticəyönümlü işlər görə bilər. Amma heç bir iş görmək istəmirlər. Halbuki, 44 günlük Vətən müharibəsi zamanı Füzulidə ermənilər mühasirəyə düşərkən hay-küy salaraq bölgəyə gedən Qırmızı Xaç nümayəndələrinin onları Hadrut istiqamətində çıxarmağa çalışmasını yaxşı xatırlayırıq. Bu günlərdə Laçın sərhəd-keçid məntəqəsində saxlanılan, cinayətkar Vaqif Xaçaturyana köməkləri də yaddan çıxmayıb. Digər tərəfdən, bu faktı da qeyd etmək lazımdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki missiyası qurumun Ermənistandakı ofisinə tabedir, halbuki o, Bakı ofisinin tərkibində olmalı idi. Deməli, Beynəlxalq Qırmızı Xaç Komitəsi yalnız ermənilərin maraqlarını güdür. Bu mənada qurum separatçıların tör-töküntülərinə daha çox yardım daşımaqla ad çıxarıb. Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənipərəst mövqeyini ölkəmizdə fəaliyyətə başlayandan bu günədək davam etdirir. Özünü müstəqil, tərəfsiz, qərəzsiz təşkilat hesab edən Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana münasibətdə bu əsas prinsipləri pozmaqdan, qanunazidd hərəkətlərdən belə çəkinmir.

Azərbaycan xalqı da Beynəlxalq Qırmızı Xaç Komitəsinin respublikamızdakı fəaliyyətindən, ikili mövqeyindən narahatdır. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri öz narahatlıqlarını bu günlərdə Qırmızı Xaç Komitəsinə ünvanladıqları açıq məktubda da ifadə ediblər. Məktubda Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə üz tutularaq vurğulanıb ki, otuz ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərir: "Biz bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik. Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir".

Beynəlxalq Qırmızı Xaç Komitəsi mümkün olan ən qısa bir vaxtda ictimai narahatlıqları nəzərə alaraq, məsələləri Cenevrədəki baş ofisində gündəliyinə çıxarmalı, konstruktiv qərarlar qəbul edərək Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlərə getməlidir. Çünki təşkilatın öz humanitar mandatına uyğun davranmaması ilk növbədə onun nüfuzuna zərbə vurur.

Jalə QASIMZADƏ,

"Respublika".