Hədəflərimizlə reallıqlar yaradılır
Digər xəbərlər

Hədəflərimizlə reallıqlar yaradılır

Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənin məğlubedilməzlik mifini darmadağın etdi. Azərbaycan 44 günlük müharibədə tarixi ədaləti bərpa etdi. Xalqın əbədi olaraq yaddaşına həkk olunmuş Zəfərimiz - hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Ölkəmiz öz milli maraqlarını, dinc yanaşı yaşamaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini rəhbər tutaraq çoxtərəfli xarici siyasət aparır. Azərbaycan bir çox aparıcı beynəlxalq hökumətlərarası təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa Şurasının və İslam dünyası ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Xarici siyasətində dövlətimiz mehriban qonşuluq əlaqələrinə xüsusi önəm vermişdir. Lakin mənfur haylar öz xəbis niyyətlərini açıq-aşkar göstərmişlər. Postmüharibə dövründə də cəbhə xətti boyunca təxribatlara əl ataraq sülh prosesini ləngidən, məğlubiyyəti həzm edə bilməyib revanşist hisslər içərisində olan Ermənistan siyasi elitası dövlət başçısı İlham Əliyevin sülh çağırışlarına məhəl qoymayaraq regional təhlükə qismində çıxış etməkdən əl çəkmirlər.

Qarabağ münaqişəsi məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmışdır. Bu ölkə havadarlarının dəstəyi ilə ərazilərimizin 20 faizini öz nəzarətinə keçirərək burada etnik təmizləmə aparmış və 1 milyondan çox soydaşımızı doğma yurd yerlərindən qovmuşdur.

Ermənistanın apardığı işğalçılıq siyasətinə son qoymaq məqsədilə təsis edilmiş ATƏT-in keçmiş Minsk qrupu qeyd edilən problemin hərbi yolla həllinə imkan verməmişdir. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, habelə AŞPA və ATƏT-in qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalması təsisatın səriştəsiz əməllərindən xəbər verirdi. Xristian həmrəyliyinə, Ermənistana edilən havadarlığa, qeyri-qanuni yollarla onun silahlandırılmasına, regionda gedən geosiyasi mübarizəyə baxmayaraq, Azərbaycan dövləti gücünə güc qatdı. Regional mübarizə son illər hərbi-siyasi çərçivədə getdiyi üçün bu marafon səbir, qətiyyət və iradə tələb edir. Ümummilli Lider Heydər Əliyevin də bildirdiyi kimi: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər''. Bu əzm və qətiyyəti onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərdi və bu əzmin nəticəsidir ki, Azərbaycan bu gün regional lider, ərazi bütövlüyünü təmin etmiş müstəqil bir dövlətdir.

Ölkə başçımızın siyasi xəttinə, fəaliyyətinə nəzər salsaq görərik ki, liderlik xüsusiyyətlərinin bütün komponentləri onda mövcuddur. Zəfər qazanmış lider obrazını da özündə birləşdirən İlham Əliyev xalqın dəstəyini, ona duyulan güvəni gücə çevirir və bu güc Azərbaycanın rifahına, əmin-amanlığına xidmət edir. Bu isə ölkə başçımızın siyasi çevikliyinin daha bir göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti öz ölkəsinin milli maraqlarını qətiyyətlə müdafiə edir. Məhz bunun nəticəsidir ki, ölkə başçısı Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. İlham Əliyev "Euronews" televiziyasına müsahibəsi zamanı bildirmişdir: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik".

44 günlük Vətən müharibəsindəki qələbəmiz hər bir soydaşımızın sonsuz qürur mənbəyidir. Bu böyük Zəfərin əsas memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Müharibə günlərində Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əsl xalq-iqtidar birliyini nümayiş etdirdi.

İndi isə sülh zamanıdır. Azərbaycan və Ermənistan arasındakı proseslərdə rəsmi Bakının diktəsi həmişə olduğu kimi, ön plandadır. Belə ki, bəhs olunan sülh yalnız Azərbaycanın irəli sürdüyü 5 vahid prinsip əsasında reallaşdırılacaq. Bununla yanaşı, qlobal güclərin sülh prosesində iştirakı məsələnin həlli istiqamətində olduqca önəmlidir. Xüsusilə, Brüssel sülh gündəliyi çərçivəsində prosesin intensivləşməsinin şahidi oluruq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin töhfələri ilə bu ilin sonuna qədər reallaşması mümkün görünən sülh olduqca böyük önəm daşıyır.

 Nurlan ABDALOV,

 "Respublika".