Həkimlərə klinik EKQ kursu keçirilib
Səhiyyə

Həkimlərə klinik EKQ kursu keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Kardiologiya Cəmiyyətinin Aritmiya İşçi Qrupunun dəstəyi ilə Yeni Klinikada Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 200-dən çox həkiminə may və iyun ayları ərzində Klinik EKQ kursu keçirilib.

3 iyul TƏBİB-dən verilən məlumatda bildirilir ki, kurs müddətində məruzəçilər Dr. Emin Kərimli və Dr. Aytən Hacılı tərəfindən EKQ oxunmasında təməl prinsiplər izah edilib, xüsusən təcili yardım həkimlərinin sıx rastlaşacağı kardioloji klinik hallar EKQ nümunələri ilə müzakirə edilib, müalicəsinə dair müasir tövsiyələr verilib. Həmçinin kurs öncəsi və sonrası sınaq imtahanı ilə həkimlərin bilik səviyyələri dəyərləndirilib. Təlim TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin dəstəyi və bilavasitə nəzarəti ilə həyata keçirilib.

Təcili və təxirəsalınmaz tibbi yardım həkimləri üçün bu kursların davamlılığının təmin edilməsi və regionlarda da təşkil olması nəzərdə tutulub.

“Respublika”.