Həlledici məqamlarda aradan çıxan adətkar
Siyasət

Həlledici məqamlarda aradan çıxan adətkar

Dünyada iki supergücdən biri olan Amerika Birləşmiş Ştatları öz xarici siyasətində boşluqlar buraxmaqdan əl çəkə bilmir. Ağ Evin iştirakı ilə baş tutan bütün müharibələr, əməliyyatlar və ya göstərilən dəstəklər qarşı tərəfə zərər verib. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın cənub-şərqi Asiyada "sülhsevər" əməliyyatları eyni millətlərin sonda iki hissəyə bölünməsi ilə nəticələnib. Müasir dövrdə isə buna ən bariz nümunə Birləşmiş Ştatların Əfqanıstana "terrorla mübarizə" adı altında daxil olmasını və talançılıq etdiyini göstərmək olar. 2001-ci ildə məhz Əfqanıstanın "Taliban"dan tamamilə təmizləndiyini bildirən Ağ Ev 20 il sonra, 2021-ci ildə Kabili həmin qruplaşmanın ixtiyarına buraxaraq bölgədən "qaçması" heç də uzaq tarix deyil. Nəhayət, ABŞ bu gün Ukrayna üçün də eyni ssenarini həyata keçirir. Qısaca, tarix kitabının riyakarlıq bölməsinin hər səhifəsində ABŞ əlfəcinləri var.

Ağ Ev rəsmiləri və amerikalı politoloqlar son vaxtlarda mütəmadi olaraq davam edən Rusiya-Ukrayna müharibəsinin ikinci üçün uğursuz yekunlaşacağı istiqamətində bədbin açıqlamalar verirlər. Bütün bunlar isə hər dəfə sonu eyni olan "ABŞ nağılı"nın düyün nöqtəsindən kulminasiyaya gedən yolunu xatırladır. Bəzi amerikalı siyasətçilərin Ukrayna ilə bağlı fikirləri bunu bir daha təsdiq edir. ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib ki, Ukrayna Silahlı Qüvvələrinin sonuncu hücumu uğursuz oldu. Digəri isə şübhəsiz ki, uğurlu olmayacaq. Çünki Rusiya ordusu əvvəlkindən daha güclüdür. Rusiya hərbi-sənaye kompleksinin imkanları Vaşinqton və Kiyevi danışıqlara məcbur edəcək. Nümayəndələr Palatasının spikeri Mayk Conson ötən ilin dekabrında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra bildirib ki, bəzi respublikaçılar, xüsusən də keçmiş prezident Donald Trampla ən yaxın əlaqəsi olanlar daha çox yardımın əleyhinədirlər. Onlar deyirlər ki, hər hansı əlavə pul ölkə daxilində immiqrasiya siyasətinə edilən dəyişikliklərə yönəldilməlidir. Respublikaçı senator Ron Conson isə deyib: "Mən bilirəm ki, hamı Ukraynanın qalib gəlməsini istəyir və bunu sadəcə olaraq görmürəm". ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, Konqres bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ Administrasiyası Ukraynaya yeni paketlər göndərmək imkanını itirəcək. Onun sözlərinə görə, qanunvericilər Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr Amerika Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək: "Beləliklə, bizim artıq Ukraynaya silah göndərmək və sonra öz ehtiyatlarımızı artırmaq üçün vəsaitimiz olmayacaq". Bu şəraitdə Zelenski daha çox Avropadan yardım almağa çalışır. Amma artıq bir sıra Avropa ölkələri də Ukraynaya yardımları azaldır.

Vaşinqton məhz 2021-ci ildə də Əfqanıstanda eyni riyakarlıq nümayiş etdirib.  "Taliban"ın terrorçuluq əməllərinə yol verməyəcəkləri ilə bağlı vədlərindən sonra ölkədən çıxmağa qərar verməsi bu gün Kabildə həyatın cəhənnəmə çevrilməsi ilə nəticələnib. Taliban zülmündən qurtulmaq üçün təyyarənin təkərlərindən sallanıb yerə çırpılan əfqanların ürək dağlayan mənzərəsi ABŞ-ın "xoşməramlı missiyasının" faciəsidir. Çox güman ki, müharibədən sonra Amerikadan Kiyevi günahlandıran açıqlamalar gəlməyə başlayacaq.

Artıq bəzi ABŞ nümayəndələri savaşın yekunlaşması üçün Ukraynanın bölünməsi təklifini irəli sürürlər. Bu isə ikili standartlar yürüdən Ağ Evin Rusiyaya qarşı uduzulan cəbhənin təcili olaraq bağlanması üçün atılan addıma oxşayır. Xatırladaq ki, şəxsi maraqları insan həyatından daha üstün tutan Birləşmiş Ştatlar hazırda davam edən İsrail-Fələstin arasında olan gərginliyə müdaxilə etməkdən çəkinir. Bu günə qədər Rusiya-Ukrayna müharibəsində 800 minə, İsrail-Fələstin münaqişəsində 31 minə yaxın sivil və hərbçinin öldüyü, 2021-ci ildən bu yana Əfqanıstanda həyatın cəhənnəmə çevrildiyini nəzərə alsaq, Ağ Ev riyakarlığının insan həyatına vurduğu zərbələrin daha aydın şahidi ola bilərik. Hər zaman son məqamlarda hadisə yerindən qaçan Amerika yeni dünya düzənini parçalamaq və idarə etməklə formalaşdırmağa cəhd edir. Qısaca, Sem dayı vampir kimi qanla bəslənir, daha sonra isə vəziyyəti qəlizləşdirib aradan çıxır...

Tacir SADIQOV,

"Respublika".