Antiterror tədbirləri reinteqrasiya prosesini sürətləndirəcək
Digər xəbərlər

Antiterror tədbirləri reinteqrasiya prosesini sürətləndirəcək

Sərhəddə atəşkəsi pozmağa davam edən ermənilərin provakasiyaları davam edir. Azərbaycan tərəfinin sülh və sabitlik üçün göstərdiyi səylərə baxmayaraq, Ermənistan öz təxribatçı mövqeyindən əl çəkmir. Son günlərdə Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginlik yaradır.

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli danışıb: "Ermənistan ötən üç il ərzində münaqişənin həlli ilə bağlı qeyri-adekvat reaksiya göstərib. 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın müddəalarını yerinə yetirməyib. Əksinə, bölgədə gərginliyin artması üçün əlindən gələni edib. Azərbaycan ordusunun mövqelərinə, hərbi qulluqçularına qarşı bir-birinin ardınca təxribatlar həyata keçirib. Əslində, Azərbaycan antiterror tədbirlərinə çoxdan başlayıb. Qarabağda Sarıbaba, Qırxqız, Fərrux istiqamətlərində antiterror tədbirləri həyata keçirilib. Qarabağda yerləşən Ermənistan ordusunun dərinlikdə yerləşən mövqelərinin, istehkamların sıradan çıxarılması artıq labüd hal alıb. Əgər Ermənistan öz ərazisindən mövcud vəziyyətdə hər hansı bir addım atarsa, düşünürəm ki, antiterror tədbirlərinin miqyası genişlənə bilər. Əgər normal münasibət göstərər, münaqişənin həlli ilə bağlı lazım olan addımları atarsa, bu əməliyyat dayanar".

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki: "Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb".

Azərbaycan reinteqrasiya prosesini sürətləndirməyə çalışır. Provakasiyaları davam etdirən ermənilər isə təxribatlara davam edir. Ölkəmiz Qarabağdakı ermənilərə təhlükəsizliklərinə, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının qorunmasına təminat verir. Ermənistan tərəfi də bu prosesə dəstək olmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".