Hərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşüb
Sosial həyat

Hərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşüb

Novruz bayramı ərəfəsində Baş prokurorun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri ilə birlikdə Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşərək, bayram tədbirləri keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, tədbir iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını ifadə edən Hərbi prokuror Xanlar Vəliyev çıxışında bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrik düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan ardıcıl uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Respublikamızın dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi artırılıb, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən və antiterror tədbirlərindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni, tarixi torpaqlarımızın azad olunmasını Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Sonra hüquqi-maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb, birlikdə nahar edilib, hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar müxtəlif ağaclar əkilib və Novruz tonqalları alovlandırılıb.

“Respublika”.