İşgüzarlığı ilə ad qazanan el ağsaqqalı
Sosial həyat

İşgüzarlığı ilə ad qazanan el ağsaqqalı

Xeyirxahlıq insanın arzusu və istəyi olsa da, onu reallaşdırmaq, həyata keçirməklə bəhrəsini el-obasına bəxş etmək hər kəsin işi deyil. Çünki bu yüksək vətəndaşlıq borcu çətin olduğu qədər də müqəddəsdir. Böyük tarixi inkişaf yolu keçən Qobustan rayonunun Cəmcəmli kəndində dövlətin dəstəyinə arxalanaraq yerli sakinlər tərəfindən görülən işlərlə tanış olanda bölgənin tarixində əvəzsiz xidmətləri ilə seçilən el ağsaqqalının olduğunu görmək çətin deyil. Bu müqəddəs ənənənin təməlinin ictimai fəallığı və işgüzarlığı ilə seçilən, kənd ağsaqqalı olmuş Seyidməmməd Mikayılov tərəfindən qoyulduğu kənd sakinlərinin yaddaşında əbədi qalıb. Çünki Seyidməmməd kişinin bir arzusu olub: xalq yolunda xeyirxah işlər görmək, imkansızlara dayaq olmaq, yol çəkmək, təhsilə böyük diqqət və gənclərə qayğı göstərmək.

Zamanında Şamaxı rayonunun Cəmcəmli kəndində Seyidməmməd Mikayılovun atası Təvəkkül kişi el ağsaqqalı olub. O, Təklə və Ərəbşalbaş kəndlərində sovxoz direktoru, qardaşı Məmmədşah isə həkim idi, qonşu kənd sakinlərini də müalicə edirdi. Hər iki qardaş el-obasına qayğıları ilə seçiliblər. Seyidməmməd kişi 1934-cü ildə kənddə anadan olmuş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra doğma kəndinə müəllim kimi dönərək bir vaxtlar təhsil aldığı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. İllər ərzində şagirdlərin sevimlisi olan pedaqoq, eyni zamanda pedaqoji kollektivin də ən yaxını və dəyərlisinə çevrilir. İctimai işlərdə fəallığı ilə seçilir, müəllim adını fəaliyyəti ilə doğruldur.

Həmin dövrdə ictimai-siyasi islahatların aparılması zəruri tədbirlər hesab edildiyindən Seyidməmməd Mikayılov 1961-ci ildə Cəmcəmli kənd orta məktəbinin direktoru təyin olunur. Vəzifəsinin öhdəsindən layiqincə gələn pedaqoq gənclərin təhsili üçün əlindən gələni əsirgəmirdi. Onlarla gəncin ali təhsil almasına nail olub. 1971-ci ildə savadlı və işgüzar kadrlara ehtiyac olduğundan o, Mərəzə qəsəbə sovetinin sədri, sonra isə Y.Qaqarin adına sovxoza direktor təyin edilir. Bilik və bacarıqları əsasında təşkilati işlərdə də var qüvvəsi ilə çalışaraq sovxozun daxili imkanları hesabına kənddə sovxoz binasının və tibb məntəqəsinin tikintisində, rayon mərkəzinə yolun çəkilişində xidmətləri ilə seçilir, yolun kənarlarında xeyli sayda ağac və kol bitkilərinin əkilməsina nail olur. Kəndə qonşu Çalov kəndindən su xətinin çəkilişi üçün zəruri olan işlər görmüş və gənclərin peşələrə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olan rayon sakinlərinin xatirəsini əbədiləşdirmək üçün xatirə kompleksi ucaldır.

Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Şamaxı rayonu da xeyli inkişaf etmişdir. Həmin vaxt rayon respublikada üzüm tədarükünün 40 faizini təmin edirdi. 1973-cü ildə Heydər Əliyev rayonda zəhmətkeşlərlə görüşərək inkişafla yerində tanış olmuşdu. Bu görüşdə iştirak edən Seyidməmməd kişi Ümummilli Liderin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində rayonu dəfələrlə zərbəçi əməyi ilə təmsil etmişdi. Çünki onun rəhbərliyi dövründə sovxoz qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirdiyinə görə fərqlənib, özü isə bir çox orden və medalla, 1982- ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Seyidməmməd Mikayılovun həyat və fəaliyyəti xoş təəssüratlarla xatırlanır, ciddi və tələbkarlığı ilə yanaşı, sadə və təvazökar bir insan kimi də dəyərləndirirlər. Onun böyük zəhməti sayəsində el-obası üçün həvəslə gördüyü və ənənəsini qoyduğu xeyirxah işlər bu gün də davam etdirilir. Belə ki, dövlət vəsaiti hesabına kəndin yolları müasir şəraitdə qurularaq asfaltlandıqdan sonra kənd sakinləri tərəfindən kəndarası küçələr yenilənib, yolların kənarına ağaclar əkilib və qorunur.

M.NƏRİMANOĞLU,

"Respublika".