Həsrət ilə zəngəzura baxıram
Sosial həyat

Həsrət ilə zəngəzura baxıram

Yeni nəşrlər

Pərvanə Zəngəzurlu Qərbi Azərbaycanın tanınmış el şairlərindən biridir. Zəngəzur mahalının Qafan bölgəsindəndir. Gənc yaşlarından poeziya vurğunu olmuş, atlas geyimli dağları qarış-qarış gəzmişdir. O, sərin sulu bulaqlardan, köpüklü çaylardan, yalçın qayalıqlardan, qartalların qıy səsindən ilham almışdır. El toyları, el şənlikləri Pərvanə xanımın ömrünün silinməz xatirələridir. İlkin yaşlarından şeirlər yazmış, M.Füzulinin qəzəlləri, M.Ə.Sabirin ölməz satiraları, aşıq Ələsgərin qoşmaları, S.Vurğunun lirikası varlığına hopmuşdur.

Müəllifin kitabları oxucular tərəfindən yüksək qiymətləndirilir.

Pərvanə Zəngəzurlunun indiyə qədər bir neçə şeirlər kitabı çap olunmuşdur. O, bütün Qərbi azərbaycanlılar kimi, 35 ildir ki, erməni xəyanəti sayəsində qədim Oğuz ellərindən, hər qarışında türkün izi olan Zəngəzur mahalından, doğma ata-baba yurdundan aralı düşmüşdür. Şairin yaradıcılığında Vətən həsrəti, yurd nisgili, ayrılıq motivləri əsas yer tutur. İstedadlı qələm ustası təbiət gözəlliklərinin təsvirinə xüsusi yer verir. Əminliklə bildirir ki, bir gün köç karvanlarına qoşulub qəribsəmiş yurd yerlərinə dönəcək...

Bu günlərdə "İmza" nəşrlər evində Pərvanə Zəngəzurlunun "Həsrət ilə Zəngəzura baxıram" adlı şeirlər kitabı işıq üzü görüb. Hər şairin özünəməxsusluğu, söz yükü, imzası, üslubu var. Sözə, sənətə könül verənlərdən biri də Pərvanə Zəngəzurludur. Söz-sənət vurğunları onun imzasını yaxşı tanıyır.

Bütün şeirlərində şairin Vətən həsrəti hiss olunur, yəni müəllif doğma kəndinin həsrəti ilə yaşayır. O yazır:

Tək bircə sevgim var, o da Vətəndi,

Saçıma vədəsiz saldığı dəndi,

Bilirəm ki, dərdlərimə məlhəmdi,

Həsrət ilə o dağlara baxıram.

P.Zəngəzurlu kövrək qəlbli bir ana, könül aləmi zəngin Azərbaycan xanımıdır. Yaxşı insanları, el-obanı, igid oğulları vəsf etməkdən yorulmur. Azərbaycanı cənnət, igidlər oylağı adlandırır.

Müəllif Şuşa həsrətinin sona çatması, onunla görüşünün sevincini ustalıqla əks etdirir:

İllərdir ki, qoynuna gəlməyə can atırdıq,

Həsrətin dəryasında boğulurduq, batırdıq,

Röyalara gəlirdin, yuxumuzu qatırdıq,

Qovuşduq qucağına, bu dövrana min şükür,

Səni bizə qaytaran Yaradana min şükür.

Şairin "Həsrət ilə Zəngəzura baxıram" şeirlər kitabında "Azərbaycan", "Ali Baş Komandanım", "Mənim ulu öndərim", "Turanım qurulacaq", "Qarabağ Azərbaycandır", "Tələsmə", "Göyçəyə gedərik" və digər şeirləri diqqəti cəlb edir.

Kitabda, həmçinin ayrı-ayrı el şairlərinin Pərvanə Zəngəzurluya həsr etdikləri şeirlərə də geniş yer ayrılmışdır.

Poeziya insanın mənəvi zənginliyini əks etdirən könül gözəlliklərinin cəmidir. Ona görə də Pərvanə Zəngəzurlunun qələmə aldığı şeirlər oxucunu düşündürür, duyğulandırır...

Qədir ASLAN,

"Respublika".