“Heydər Əliyev İli”nə həsr olunan şahmat turniri başa çatıb
Digər xəbərlər

 “Heydər Əliyev İli”nə həsr olunan şahmat turniri başa çatıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən şahmat turnirinə yekun vurulub. Yarışda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeliyində olan qurumların əməkdaşları iştirak ediblər. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

3-5 may tarixlərində keçirilən yarışlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub. Turnirin keçirilməsində məqsəd Azərbaycanda şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün kütləviliyinə nail olmaq idi.

Doqquz turdan ibarət olan və 64 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparıblar.

Nəticələrə görə, birinci yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rövşən Babaşov qazanıb. İkinci yerin sahibi “Azərkosmos”un əməkdaşı Orxan Muxtarov, üçüncü yerin sahibi isə AYNA-nın əməkdaşı İzzət Rəhimli olub.

Əli SADIQOV,

“Respublika”.