“Heydər Əliyevin milli-mənəvi və elmi vətənpərvərlik konsepsiyası” adlı dəyirmi masa
Sosial həyat

“Heydər Əliyevin milli-mənəvi və elmi vətənpərvərlik konsepsiyası” adlı dəyirmi masa

Yasamal rayonu

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi adını  çağdaş tariximizə yazıb. Böyük strateqin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olmuşdur.  

 “Heydər Əliyev İli” çərçivəsində bu günlərdə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin milli-mənəvi və elmi vətənpərvərlik konsepsiyası” adlı dəyirmi masa keçirildi. İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirildi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan “Qarabağ müharibəsi veteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, İctimai Şuranın sədri Bəhram Şeydayev vurğuladı ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı ziddiyyətlər burulğanından xilas etdi. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Dünyada gedən siyasi proseslərə təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Heydər Əliyevin həyat yolundan bəhs ilə bağlı ətraflı məruzə etdi. Vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Tezisi müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar fonunda özünün aydın ifadəsini tapdı. Vətənini, xalqını canından artıq sevən ulu öndər hakimiyyətə qayıdışından sonra ilk olaraq hər bir ölkənin inkişafında vacib amillərdən olan sabitliyi və iqtisadi inkişafı təmin etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Bu mühüm amil ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan, 1991-1993-cü illərin xaosunun, anarxiyasının nəticəsində tərəddüd edən dövlətlərin, şirkətlərin narahatlığına son qoydu, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində siyasəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı, Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci ilin 12 noyabrında Konstitusiyamız qəbul olundu. Demokratiyanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü və uğurlu nəticələr bugünkü reallıqlarımızda özünün aydın mənzərəsini yaradır.

2001-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi, milli diasporumuz mütəşəkkil qüvvəyə çevrildi.

2003-cü ildən başlanan yol və əldə edilən uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyev ilk gündən Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi və bunu həyata keçirdi. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi qələbə qazandı. Ərazilərimiz erməni işğalından azad olundu. Bu ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağ separatçılardan tamam azad olundu, ərazi bütövlüyümüz təmin edildi.

Tədbirdə Mənəvi Dəyərlərimizin Təbliği Fondunun, mədəni dəyərlərin təbliği şöbəsinin müdiri Rəşid Paşalı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Kifayət Xudaverdiyeva və başqaları çıxış etdilər.

Tədbirdə ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş olundu.

Sonda “Oğuzlar” folklor xalq ansamblı maraqlı proqramla çıxış etdi.

Qədir ASLAN,

“Respublika”.