Siyasət

"Hikmət Hacıyevin "boz" ərazi mesajı açıq və netdir" - Ekspert

“Azərbaycan artıq öz torpağında “boz” zonaya mövudluğuna daha səbr göstərmək niyyətində deyil. Qanunsuz rejim ləğv edilməli və tərksilah edilməlidir.”

Bu sözləri avqustun 31-də Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitində bildirib.

Siyasi-ekspert Samir Hümbətov isə “Respublika”ya bildirib: “Hikmət müəllimin verdiyi bu mesajın üç istiqaməti var. Birincisi, separatçılar, ikincisi Ermənistan, üçüncüsü isə Ermənistana və separatçıya dəstək verən qüvvələrədir. Əslində Hikmət Hacıyev onu demək istəyir ki, heç bir qüvvə düşünməsin ki, burda hansısa bir oyuncaq rejimi saxlaya və yaxud, Azərbaycan buna göz yuma bilər. Dövlətimiz əlverişli şərait yaranana qədər səbrini basacaq və o vaxta qədər gözləyəcək. Amma bu o demək deyil ki, Azərbaycan hökumətinin səbri tükənməzdir. Bizim səbrimiz daşanda, istənilən anda istənilən əməliyyatı keçirib orada nəzarəti tam şəkildə bərpa etmək qətiyyətindəyik. Hansı ki, məsələ həmin "boz" ərazidən gedir. Yəni biz orada kiminsə özbaşına, hansısa hərəkət etməsinə göz yummayacağıq. Bu, məncə açıq və net mesajdır. Bu mesajın arxasında duran əsas səbəblərdən biri odur ki, artıq son dövrlər separatçılar həddindən çox çirkin əməllər törədirlər və Azərbaycanı təxribata çəkmək istəyirlər” – deyə, ekspert vurğulayıb.

Tacir SADIQOV,

"Respublika"