Yeni Kaledoniya üçün həmrəylik rəmzi
Siyasət

Yeni Kaledoniya üçün həmrəylik rəmzi

Fevralın 21-də Yeni Kaledoniyanın paytaxtı Numeada Fransanın daxili işlər naziri Jerald Darmanın və dənizaşırı ərazilərə məsul nazir Mari Qevenunun səfərinə etiraz olaraq aksiya keçirilib.

Aksiyada bu dəfə də Azərbaycan bayrağı dalğalandırılıb. Başlıca məqsəd Fransa hökumətinin Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişikliklərə qarşı çıxmaqdır. Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaranıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

Yeni Kaledoniya sakinləri bir neçə seçici kateqoriyasına bölünür. Məsələn, Paris sakini 10 ildən artıq müddət ərzində Yeni Kaledoniyada yaşasa belə müəyyən şərtlərə cavab verməyən Fransa vətəndaşları Yeni Kaledoniyanın əyalət seçkilərində iştirak edə bilmir. Fransa hökuməti hazırda həmin insanlara qeyd edilən hüququ vermək istəyir və bununla da müstəqillik uğrunda mübarizə aparan fəalların üstünlüyünü aradan qaldırmağı hədəfləyir.

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən Qvadelupa, Fransız Qvianası, Martinik və Fransız Polineziyasının siyasi hərəkat və partiyaları BTQ-nin təşəbbüsü ilə Yeni Kaledoniyada keçirilmiş etiraz aksiyası ilə əlaqədar dəstəkverici bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, Polineziyanın müstəqilliyi uğrunda çarpışan "Tavini huiraatira" partiyasının rəhbəri, onun üzvləri azadlıq və öz müqəddəratını təyinetmə mübarizəsi aparanları tam şəkildə dəstəkləyir.

Qeyd edək ki, keçən ilin noyabrında da Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası olmuşdu. Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında qaldırılan 3 bayraqdan biri də Azərbaycan bayrağı idi. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri olduğu dövrdə, həm də bu gün Fransanın işğal etdiyi dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstəyi ilə yadda qalıb.

2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizədə prinsipial mövqeyi və məsələnin aktuallığı xüsusi qeyd edilib. Həmçinin 2023-cü il noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans təşkil edilib.

Paris rəsmilərinin səfərinə qarşı Yeni Kaledoniyanın Numea şəhərində keçirilən etiraz aksiyası Fransanın müstəmləkə siyasətinin yaratdığı gərginliyi bir daha gündəmə gətirib. Fransa əsrlər boyu istismar, mədəni assimilyasiya, yerli xalqların hüquqlarına və muxtariyyətlərinə etinasızlıqla xarakterizə olunan müstəmləkəçilik siyasəti həyata keçirib. Digər müstəmləkə ərazilərində olduğu kimi, Yeni Kaledoniyada da yerli xalq uzun müddət fransız hakimiyyət orqanlarının zülmü ilə üzləşib.

XIX əsrdə fransız müstəmləkəçiliyi adanın sosial, iqtisadi və siyasi mənzərəsində böyük dəyişikliklər yaradıb. Onların torpaqları əllərindən alınıb, məcburi əməyə cəlb ediliblər, mədəniyyətləri və ənənələri sıxışdırılıb. Fransız hakimiyyət orqanları müstəmləkə hökmranlığını gücləndirməyə və Yeni Kaledoniya xalqının muxtariyyətini sarsıtmağa xidmət edən öz hüquqi, inzibati və təhsil sistemlərini tətbiq ediblər. Müstəmləkəçilik dövründə xalqın fransız hökmranlığına qarşı müqaviməti, üsyanları zorakılıqla yatırılıb və hərbi vəziyyətin tətbiqi də daxil olmaqla sərt repressiyalarla qarşılanıb. Əhali ayrı-seçkiliyə, istismara məruz qalıb.

Müasir dövrdə də dekolonizasiya və Yeni Kaledoniyaya məhdud muxtariyyət verilməsinə baxmayaraq, müstəmləkəçilik irsi adanın ictimai-siyasi dinamikasını formalaşdırır. Xalqların öz müqəddəratını təyinetmə və yerli əhali kimi hüquqlarının tanınması uğrunda mübarizəsi hələ də davam edir. Torpaq hüquqları, iqtisadi inkişaf və s. kimi məsələlər Yeni Kaledoniya xalqının tələblərində ön plandadır.

Fransa rəsmilərinin Numeaya səfərinə etiraz, Yeni Kaledoniya xalqının müstəmləkə zülmünə qarşı mübarizəsinin təzahürüdür. Aksiya zamanı dalğalandırılan Azərbaycan bayrağı müstəmləkəçilik və imperializmə qarşı mübarizə aparmış digər xalqlar üçün həmrəylik rəmzi olub. Müstəmləkəçi güclərə qarşı uzun illər mübarizə aparan Azərbaycanın bu gün öz suverenliyini təsdiq etməsi ölkəmizi Afrikada yaşayan məzlum xalqlar üçün əsas ilham mənbəyinə çevirir. Ölkəmizin əraziləri 30 illik erməni işğalı dövründə vəhşiliyə, barbarlığa məruz qalıb. Lakin bu gün Qarabağ və Şərqi Zəngəzur qlobal əhəmiyyətə malik məkandır. Bu, mədəni irslərini geri qaytarmağa çalışan Afrika xalqlarına ümid verir.

Azərbaycan bayrağını qaldıran nümayişçilər həmrəy olduqlarını ifadə etməklə yanaşı, həm də Fransanın müstəmləkəçilik siyasətini rədd etdiklərini və qlobal azadlıq hərəkatını dəstəklədiklərini bildirirlər. Yeni Kaledoniyadakı etirazdan da göründüyü kimi, müstəmləkəçiliyə qarşı mübarizə hələ sona çatmayıb. Bütün qitələrdəki xalqların həmrəyliyi kök salmış güc strukturlarına meydan oxumaqda, azadlıq və bərabərlik uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Afrika xalqları ilə həmrəyliyi, zülmə müqavimət göstərməkdə davam edən qətiyyətli mövqeyi daha ədalətli dünya üçün çalışan hər kəsin ümid yeridir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".