Humanizm dərsi
Gündəm

Humanizm dərsi

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış ermənilər zaman keçdikcə onlar üçün ən məqbul yolun Azərbaycana reinteqrasiya olduğunu dərk edirlər.

Qarabağda vaxtilə mövcud olan separatçı rejimin tör-töküntüləri "humanitar böhran" şousu nümayiş etdirirdilər.  Bundan başqa, onlar humanitar yüklərin daşınmasında Ağdam-Xankəndi yolunun istifadəsinə də əngəl törətməyə çalışırdılar. Nəzərə alsaq ki, Xankəndiyə humanitar yük göndərmək üçün yol təkcə Laçından keçmirdi. Ağdam yolundan istifadə daha məqsədəuyğun idi. Bir məqamı da qeyd edək ki, Brüsseldə Ağdam-Xankəndi yolundan daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunmuşdu. Lakin tarixə qovuşmuş separatçılar yenidən təxribatlara cəhd edirdilər. Əslində, onlar bununla sülh danışıqlarının uzadılmasına çalışırdılar. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı bəyanatlarına baxmayaraq, bu cür fəaliyyətlər Ermənistanı növbəti təxribatlara sürükləyirdi.

Məlum olduğu kimi, dövlətimiz tərəfindən 23 saat ərzində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçı rejimə son qoyulub. Bu tədbirlərə qədər separatçıların və onların havadarlarının təxribat cəhdlərinə nəzər salaq. Belə ki, bundan öncə Ermənistan və onun havadarı Fransa "humanitar yardım" adı altında regiondakı sabitliyə kölgə salmaq niyyətində idi. Amma Azərbaycanın qətiyyəti nəticəsində onların planı iflasa uğradı. Daha bir vacib məqam isə Ermənistanın yaratdığı "humanitar böhran" planının saxtalığının beynəlxalq platformada da ifşa olunmasıdır. Çünki Qarabağdakı real vəziyyət hər kəsə məlumdur. Azərbaycanın həmin bölgəsində yaşayan ermənilərin vəziyyəti pis idisə, bunun ən böyük səbəbkarı məhz oradakı separatçılar idi. Qarabağ bölgəsindəki separatçılar da "gorbagor" olduqlarına görə Qarabağ ərazisində məskunlaşan ermənilərin Ermənistandan gələn humanitar yardıma ehtiyacı yoxdur. Azərbaycan öz ərazisində yaşayan vətəndaşları humanitar yardımla təmin etməyə qadirdir.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşü baş tutmuşdu. Bu zaman Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində, xüsusilə yanacağa ehtiyac duyulduğunu qeyd etmişlər. Onlar, həmçinin qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini də xahiş etmişlər. Görüşün nəticəsi olaraq isə onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmuş və humanitar dəstək həyata keçirilmişdir. Buradan bir daha, Qarabağdakı ermənilərin Azərbaycanın qayğısına ehtiyac duyduğu açıq şəkildə öz təsdiqini tapır. Ermənistanın pozucu fəaliyyətinə baxmayaraq, indiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə humanitar yardımlar çatdırılıb və proses bundan sonra da davam etdiriləcək. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" (tviter) sosial şəbəkə hesabında etdiyi paylaşım da bunu bir daha təsdiqləyir. Belə ki, həmin paylaşımda yardımların statistikası öz əksini tapıb və sözügedən statistikada göstərilib ki, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi aparılıb. Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı olub. 25 sentyabrda Xankəndidəki partlayışda əziyyət çəkən 200 nəfər üçün tibbi ləvazimatlar, 26 sentyabrda isə 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 34 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib.

N.BEYDİYEVA,

"Respublika".