“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı
Sosial həyat

“İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"

Yanvarın 10-da "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransı keçirilib

Festivalın baş prodüsseri, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi layihənin ikinci dəfə həyata keçirildiyini deyib. Layihənin uğurlu olduğunu qeyd edən A.Qulamov bildirib ki, əvvəlki festivalda 70 layihə təqdim olunmuşdu.

Vurğulanıb ki, bu festivalda 5 nominasiyadan ikisi qadın idmançılara həsr olunacaq. Festivala hazırlıq işləri ötən il dekabrın 5-dən başlayıb.

Festivalın münsiflər heyətinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova dünyada qadın idmanına çox böyük marağın olduğunu deyib və budəfəki festivalda 5 nominasiyadan ikisinin qadın və uşaq idmanı ilə bağlı olduğunu bildirib: "Artıq dünyanın hər yerində qadın idmanına böyük diqqət var. Beynəlxalq Olimpiya Komitəsinin şərtlərindən biri də budur ki, olimpiadada gender bərabərliyi təmin olunsun. Azərbaycanda qadın idmanının inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verir. Layihə bölgələrdə qızların idmana marağının artırılması istiqamətində də mühüm əhəmiyyət daşıyır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək məqsədilə ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın keçirilməsi də bu sahədə böyük əhəmiyyət kəsb edir.

Festival müxtəlif idman və ekstremal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idmana cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliği, mədəni maarifləndirmə və müəlliflər arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyır.

Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya proqramları, reklam və promo videoçarxlar təqdim edilə bilər.

Qeyd edək ki, "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın tərəfdaşı "Cüdo Klub 2012" İctimai Birliyi, informasiya tərəfdaşları isə "AZTV", "MİR", "İdman TV", "CBC Sport", "İTV", "ARB" və "Space" televiziya kanalları, "Trend", "milli.az", "day.az", "azernews.az", "idmanvəbiz", "turkicworld", "olympic.az", "olimpnews.az" portalları, "Olimpiya dünyası" qəzeti və "Sportsman" jurnalıdır.

Festivalın təntənəli bağlanış mərasimi mart ayında keçiriləcək. Bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Tacir SADIQOV,

"Respublika".