İflasa uğrayan mexanizmlər
Siyasət

İflasa uğrayan mexanizmlər

Dövlətimiz tarixə qovuşmuş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim maraqlı olmuşdur. Amma reallıq ondan ibarətdir ki, ATƏT-in keçmiş Minsk qrupu və bütövlükdə qurumun özü konfliktin həll edilməsinə deyil, onun müddətinin uzadılmasına daha çox "töhfə verdi". Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışı zamanı vurğulamışdır. Bu təşkilatın mexanizmləri çoxdan iflasa uğrayıb. Praktik olaraq biz sözügedən konfliktin həlli istiqamətində ATƏT, eləcə də bu quruma institusional olaraq bağlı institutlar tərəfindən hər hansı bir addımın atıldığını müşahidə etmədik. Təşkilat Ermənistanın illərdir davam edən genişmiqyaslı qeyri-qanuni fəaliyyətinin qarşısının alınmasında effektiv ola bilmədi. Belə olduğu halda, düşmən ölkə daha da cəsarətləndi.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Hazırda qarşıda duran əsas məsələ Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasıdır. 30 noyabr tarixində Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü də ondan xəbər verir ki, tərəflər hər hansı bir kənar müdaxilə olmadan danışıqlar apara bilərlər. İstər sülh müqaviləsinin imzalanması, istərsə də sərhədlərin delimitasiyasında müəyyən razılıq əldə olunması prosesinin bu şəkildə davam etməsi daha məqsədəuyğun hesab edilir.

Bu gün Azərbaycan regionda inkişafa töhfə verən və dayanıqlı sülhün formalaşmasında maraqlı ölkə olduğunu təsdiqləyib. Ona görə də əvvəlki illərdə konfliktin həlli istiqamətində hər hansı bir addım atmayan qurumların prosesdə iştirakı arzuolunan deyil. Azərbaycan ikitərəfli qaydada birbaşa danışıqlar həyata keçirir. Sərhəddə baş tutan görüş bir daha bunu təsdiq etdi. Regionda formalaşan yeni düzən kontekstində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması, kommunikasiyaların bərpası və bütövlükdə Qafqazda sülhün əldə edilməsi üçün hər hansı xarici müdaxiləyə ehtiyac duyulmur.             

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı.