Ürək ağrıdan görüntülər
Siyasət

Ürək ağrıdan görüntülər

"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirib.

Postmüharibə dövrünün ən acı reallıqlarından biri də məhz mina terrorudur. Azərbaycan öz gücünə bu il oktyabrın 5-dək 100 467.8 hektar ərazini mina və digər partlayıcı qurğulardan təmizləyib. Ümumilikdə 95 min 638 ədəd mina və digər partlayıcılar aşkarlanıb ki, bunlardan 29 min 790-ı piyada əleyhinə, 17 min 439-u tank əleyhinə mina, 48 min 409-u partlamamış hərbi sursat olub. Bu günə qədər baş verən mina terroru nəticəsində 49-u mülki, 15-i hərbçi olmaqla 64-ü həlak olub, 267 nəfər xəsarət alıb. Partlayışlar nəticəsində yayılan qalıqlar ətraf mühitə ciddi ziyan vurur. Minaların uzun müddət torpaqda qalması müəyyən kimyəvi reaksiyalara səbəb olur. Bunun nəticəsində təkcə insanlar yox, həmçinin heyvanlar aləmi də ciddi ziyan görür. Ötən gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz rəsmi sosial media hesabında minanın partlaması nəticəsində həlak olan qonur ayının balasının qalıqlarının şəkillərini paylaşaraq qeyd edib ki, mina terroru mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir.

Bu məsələni hökumət strukturları, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları, mətbuat da daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Bu məqsədlə, ötən günlərdə "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət edib. "Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyi "World Animal Protection International", "World Wildlife Fund" də daxil olmaqla 8 təşkilata müraciət edərək Ermənistanın bu qəddar hərəkətlərini pisləməyə çağırıb. İctimai Birlik Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyib: "Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub... Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları şikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir".

Qeyd etmək lazımdır ki, bu, Ermənistanın heyvanlardan sui-istifadə etdiyi ilk hadisə deyil. Bundan öncə də Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı nəticəsində terror aktının qarşısı müvəffəqiyyətlə alınıb. Dilsiz, şüursuz canlıların bu cür niyyətlər üçün istifadə edilməsi qəddarlıqdır. Bu təxribat "adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair" Konvensiyanın minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağa və ya məhdudiyyətlər haqqında protokoluna ziddir.

30 il ərzində Ermənistanın ölkəmizin ekosisteminə, təbii sərvətlərinə, canlılar aləminə vurduğu ziyanın sayı-hesabı yoxdur. Bu illər ərzində Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi heyvanlara qarşı da kütləvi qırğındır. Bu təcavüzün günümüzdə hələ də davam etməsi acı təəssüf hissi doğurur.

Ermənistan tez bir zamanda düzgün mina xəritələrini təhvil verməlidir. İstər insanlar, istərsə də dilsiz canlılar Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".