İftixarla xatırlanan Vətən oğlu
Region

İftixarla xatırlanan Vətən oğlu

İkinci Qarabağ müharibəsində şirin canını doğma Vətən torpağı uğrunda qurban verib ömrünün qönçə çağında - 18 yaşında şəhidlik zirvəsinə ucalan bir igidimiz Araz Namiq oğlu Mirzəyevdir. Lənkəran rayonunun Cil kəndində boya-başa çatan, nəsibi şəhidlik səadəti olan bu Vətən sevdalısı göstərdiyi qəhrəmanlıqla Azərbaycanımızın qüruru oldu.

Uşaq yaşlarından Vətənin müqəddəsliyini başa düşən, yaxşı insanlardan görüb-götürən Araz el-obada nəcib, bacarıqlı bir gənc kimi tanınırdı. O, 2020-ci ildə Vətən qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yola düşəndə demişdi: "Artıq erməni dığalarına layiqli dərs verməyin məqamı gəlib. Yağıdan qisasımı almamış geri dönmərəm".

O, cəbhə bölgəsinə düşür. Doğma Azərbaycana ürəkdən bağlanan, düşmənə nifrət bəsləyən Araz buna görə qürur keçirir. Mərdliyi, cəsurluğu onu çox sınaqlardan üzüağ çıxarır. Atıcılıq peşəsinə dərindən yiyələnir. Hərbi hissədə keçirilən müxtəlif təlimlərdə fərqlənir, komandirlərin əmr və tapşırıqlarını can-başla yerinə yetirir. Odur ki, əsgərlər ona hörmət bəsləyir, özlərinə doğma qardaş bilirlər. 27 sentyabrda başlanan Vətən müharibəsində ölüm-dirim savaşına birinci girir və 30 il əsir düşən hər qarış torpağın azad olunacağı anadək yağı düşmənlə döyüşəcəyinə and içir.

İgid əsgər Araz qatıldığı döyüşlərdə hər gün yeni-yeni qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr vurur, ona böyük itkilər verir. Vətən torpaqları erməni faşizminin əsarətindən xilas olunduqca qorxu bilmədən, inamla qələbəyə doğru irəliləyir. Nəyin bahasına olursa-olsun, müqəddəs Qarabağ torpaqlarını tezliklə yağı tapdağından azad görmək istəyir.

14 oktyabrda Tərtər rayonunun Suqovuşan qəsəbəsində şiddətli döyüşlər başlanır. Müharibə meydanında yenə də fərqlənənlərdən biri Araz olur. Çoxlu sayda düşmən məhv edir. Özü isə qəhrəmanlıqla şəhid olub ölməzliyə qovuşur.

Vətəninə, xalqına başucalığı gətirən Araz Namiq oğlu ölümündən sonra "Vətən uğrunda", Suqovuşanın, Laçının işğaldan azad olunmasına görə medallarına layiq görülür.

 Zəfər ORUCOĞLU.