İkitərəfli əlaqələr inkişaf edir
Digər xəbərlər

İkitərəfli əlaqələr inkişaf edir

Azərbaycanın xarici siyasətində dünya dövlətləri, o cümlədən Avropanın böyük ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Regionda cərəyan edən hadisələr, dövlətimizin yürütdüyü müstəqil siyasət böyük güclərin ölkəmizə olan marağını artırır. Bu isə böyük dövlətlərin Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlıq əlaqələri qurmaları ilə xarakterizə olunur. Dövlətimizin xarici siyasətində Azərbaycan-Çin əlaqələrinin özünəməxsus rolu var.

Çin Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasına çalışır. Azərbaycan da böyük dövlətlər ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutaraq Çinlə əlaqələrini daha da genişləndirir. Xüsusi vurğulamaq lazımdır ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanıyıb. Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulub. Bundan başqa, iki dövlət arasında ticari, iqtisadi, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq durmadan inkişaf edir. Dövlətlərarası münasibətlərin inkişafında ölkə başçıları arasında görüşlər də mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri qarşılıqlı əlaqələrin spektrini genişləndirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoyub. Çinin dövlət başçısı Si Cinpinin ötən ilin payızında Pekində keçirilən "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırması bunun bariz nümunəsidir. Eləcə də dövlətimizin başçısının bu il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı dostluğun, qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunun təzahürüdür: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

Prezident İlham Əliyev, həmçinin bildirib ki, biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.

 Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələr də yüksək səviyyədə inkişaf edib. Dövlətimizin "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmiryolunun açılışının baş tutması ilə bir daha təsdiqlənmiş oldu. Çin də öz növbəsində "Bakı-Tbilisi-Qars" dəmiryolunun istifadəyə verilməsini və həmin yolun tikintisində Azərbaycanın rolunu yüksək qiymətləndirib. "Bir kəmər, bir yol" təşəbbüsü hazırda çox böyük coğrafiyanı əhatə edir. Ölkəmiz hələ ilk vaxtlardan bu təşəbbüsə fəal şəkildə qoşulub və investisiya yatırıb.

Digər mühüm məsələ Azərbaycanın Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olmasıdır. Ölkəmiz Çin ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində də əməkdaşlıq mövcuddur. Çünki ölkəmizdə bu sahədə böyük potensial var və Çindəki böyük texnoloji nailiyyətləri nəzərə alsaq, əməkdaşlığın əhəmiyyətini bir daha görərik.

Azərbaycan-Çin münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin iyulun 22-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. İkincisi, biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir".

Bütün bunlar bir daha ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın mövcudluğunu və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial olduğunu göstərir. Bu baxımdan, gələcəkdə Azərbaycan-Çin arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyini, ölkələrimizin rifahına öz töhfəsini verəcəyini söyləmək mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".