İLMƏLƏRDƏ GÖZƏLLƏŞƏN LAÇIN
Mədəniyyət

İLMƏLƏRDƏ GÖZƏLLƏŞƏN LAÇIN

Böyük yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri hər birimizə tanışdır. Yüksək həyat amallarını əks etdirən əsərdə Sona ananın xalçasını satması həm təsirli, həm də ibrətamiz səhnədir. Azərbaycanlı qadın ehtiyac üzündən toxuduğu "Yusif-Züleyxa" xalçasını bazara çıxarır. İncə zərif toxunuşu ilə hər kəsi heyran edən xalça bir ingilisin də diqqətini çəkir. Gördüyü gözəllikdən heyrətə gələn ingilis istədiyi qədər qızıla xalçanı ona satması üçün Sona anadan xahiş edir. Lakin o, bir azərbaycanlı qadını kimi qürurunun fövqündə xalçanı satmaqdan imtina edir: "İtə ataram, yada satmaram!".

Tarixən Azərbaycanda xalçaçılıq böyük inkişaf yolu keçib. Hər bölgənin öz xalçaçılıq məktəbi olub. Həmin ərazilərə məxsus xalçaları xalq çeşni və naxışlarından, yəni toxunma texnologiyasından tanıyıb. Hətta qədimdə bir diyardan başqasına mesaj ötürmək üçün fikirlərini xalça üzərində müxtəlif işarə və şəkillərlə də toxuyub göndərirmişlər. Hər ilmənin, rəngin, naxışın öz mənası, sirri var imiş. Bu baxımdan da təkmilləşmə dövrü keçərək Azərbaycan xalçaları bölgələr üzrə adlandırılıb. Quba, Bakı, Şirvan, Gəncə, Göyçə mahalı da daxil olmaqla Qazax, Təbriz və Qarabağ xalçaçılıq ənənələri formalaşıb.

Hazırda ölkəmizdə qədim xalçaçılıq ənənələrini saxlamaqla bu sənət növünün inkişaf etdirilməsi və keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Bakı da daxil olmaqla bir çox regionlarımızda xalçaçılıq mərkəzləri fəaliyyət göstərir. Artıq sadalanan ərazilərin sırasına Qarabağ bölgəsi də qoşuldu. Üç ildir sevincli, fərəhli günlər yaşayırıq. 30 il işğal altında qalan Qarabağ torpaqlarımız azad, suveren Azərbaycanın tərkib hissəsi kimi öz çiçəklənmə, inkişaf dövrünə qədəm qoyub. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində qazandığımız qələbə bizə uzun illərin yurd həsrətini unutdurdu. Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən ermənilər tərəfindən dağıdılıb viran edilmiş Qarabağın yenidən tikilib-qurulmasına başlanıldı. Kənd və şəhərlərimiz tikilib yaşayış üçün istifadəyə hazır vəziyyətə gətirilir. Böyük Qayıdış planına uyğun olaraq artıq yurdlarına qayıdıb yaşayanlar da çoxdur. Azərbaycan dövləti sakinləri doğma yurd yerlərinə köçürməklə yanaşı, həm də onların məşğulluq məsələsini də diqqətdə saxlayır. Bu mənada, bölgədə yeni iş yerləri yaradılır. Bu günlərdə Laçında "Qasımuşağı" xalçaçılıq mərkəzinin açılışı da sakinlərin işlə təmin olunmasına böyük töhfədir.

Qarabağda xalçaçılıq sənəti əhalinin əsas məşğuliyyətindən biri olub. Bölgədə heyvandarlıq inkişaf etdiyi üçün xalçaçılıq da paralel olaraq təkmilləşmə yolu keçib. Həmçinin xalçalar Qarabağ bölgəsində var-dövlət göstəricilərindən biri hesab olunmuşdur. Qədim zamanlardan bu yerlərdə xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça mərkəzləri də Qarabağ xalça məktəbinə daxildir. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Əvvəllər Qarabağ xalçalarında ovçuluq süjeti əsas təşkil edirdisə, sonralar dinamik ov səhnələrinə demək olar ki, rast gəlinmir, ovçuluğun ancaq atributları, simvolları göstərilirdi. Ümumilikdə isə Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Qarabağ xalça məktəbi "Ləmpə", "Şələbi", "Qoca", "Malıbəyli", "Buynuz", "Dəryanur, "Açma-yumma", "Şabalıd-burta", "Balıq" və b. xalça növləri ilə məşhurdur.

Laçında açılan "Qasımuşağı" xalça mərkəzinin adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu qədim zamanlarda burada yaşayan hörmətli şəxs olub. Adıçəkilən kəndlərdə yaxın keçmişə qədər xalçalar istehsal olunurdu. Məlumat üçün onu da qeyd edək ki, "Qasımuşağı" xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon, medalyonun ortasında isə dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "qol" ayrılır. Göllərin arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.

Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq Laçında fəaliyyətə başlayan xalçaçılıq mərkəzində Qarabağ xalçaçılıq məktəbinə aid Laçın çeşniləri əsasında "Qasımuşağı" xalçaları toxunacaq. Mərkəzdə ilmə vuran isə əsasən laçınlılar olacaq. Gənclərin də qədim adət-ənənələrə, xalçaçılığa olan marağı nəzərə alınaraq yaxın günlərdə emalatxana kiçikölçülü hanalarla da təmin ediləcək. Yeniləşən Laçında istifadəyə verilən emalatxananın ərazisi 120 kvadratmetrdir. Burada 4 dəzgah qurulub və hər dəzgahda 2-3 nəfər işləyəcək. Hazırda emalatxanada 16 nəfər çalışır. Burada - böyük, kiçik və xırda ölçülü xalçalar toxunacaq. Qarabağ xalçaçılıq məktəbinə aid "Qasımuşağı" xalçaları bütün dünyada nümayiş etdiriləcək.

Azərbaycan xalçaları öz gözəlliyi ilə hər zaman dünyanı valeh edib. Təbriz xalçaçılıq məktəbinə aid olan, 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunan Şeyx Səfi xalçası hazırda İngiltərənin "Viktoriya və Albert" muzeyində qiymətli eksponat kimi saxlanılır. Bu mənada, Azərbaycan xalçaları sənətkarlıq baxımından bütün dövrlərdə öz şöhrəti və gözəlliyi ilə dünyanın diqqətini cəlb etmişdir. Laçında da qədimdən məşhur xalçaların olduğu nəzərə alınaraq sözügedən mərkəz yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların toxunması ilə həm də sakinlərin məşğulluğu da təmin olunacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".