ICESCO İslam ölkələri arasında əməkdaşlığın genişlənməsində maraqlıdır
Mədəniyyət

ICESCO İslam ölkələri arasında əməkdaşlığın genişlənməsində maraqlıdır

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bütün dünya “Qloballaşma nədir?” sualı üzərində düşünməkdədir. Qloballaşmanın tarixi əslində, onun heç də yeni bir proses olmadığını göstərir. Belə ki, bu proses indiyə qədər müxtəlif formalarda təzahür etmişdir.

Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə inteqrasiyasını, onlar arasında mədəni əlaqələrin inkişafını və qarşılıqlı mədəni irsini nəzərdə tutur. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Bu halda qloballaşmanın dərəcəsindən asılı olmayaraq, öz kökümüzə bağlılığımızı itirməməliyik, çünki kökündən qopandan sonra bu yenilik daha böyük fəsad doğuracaqdır.

Bu gün İslam dünyası ölkələrinin qarşısında duran vəzifələrdən biri də İslam aləmində elmin, təhsilin, İslam aləminin zəngin mədəni irsinin qorunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan İslam Konfransı Təşkilatının İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) son illərdəki fəaliyyəti yüksək dəyərləndirilir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət daşıyır. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət etmiş, 1991-ci ilin dekabrında təşkilata üzv seçilmişdir. Həmin dövrdə ermənilərin işğalçılıq siyasətinə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam ümməti dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İKT-nin nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədilə Azərbaycanda səfərdə oldu. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr apardı. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınsa da, o dövrdə respublikamız üçün İKT-nin imkanlarından lazımi fayda əldə etmək, Azərbaycanın bu təşkilat çərçivəsində maraqlarını daha səmərəli qorumaq və ifadə etmək mümkün olmamışdır.

1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi nümayəndə səlahiyyətləri verildikdən sonra Əl-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Son illər AR-İKT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycanın xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli ilə məhdudlaşmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin iyununda Bakıda İKT Xarici İşlər nazirlərinin növbəti 33-cü konfransının keçirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin iyununda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum və s. tədbirlər yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının Bakıda keçirilən XII sessiyasında da qarşılıqlı əlaqələr məsələsi müzakirə edilmişdi. Qeyd edək ki, təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ICESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət planı və büdcəsi təsdiqlənir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Prezidenti İlham Əliyev son illər ərzində ICESCO-nun nüfuzunun artdığını, ICESCO-nun dəstəyi ilə Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edildiyini və bütün bunların ICESCO-nun Azərbaycana, Azərbaycan mədəniyyətinə və bu gün Azərbaycanın İslam aləmində oynadığı rola verdiyi yüksək qiymətin ifadəsi olduğunu qeyd etdi. Ölkə başçısı sonra dedi: “ICESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ICESCO daim Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ICESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq”.

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən danışan Prezident İlham Əliyev ölkəmizdə ICESCO-nun bilavasitə məşğul olduğu sahələrin uğurla inkişaf etdiyini, mədəni abidələrimizin dövlət tərəfindən qorunduğunu, təhsilə böyük diqqət göstərildiyini, savadlılığın təxminən 100 faizə çatdırıldığını, elmin, yeni texnologiyaların, kosmik sənayenin sürətlə inkişaf etdirildiyini də diqqətə çatdırdı. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının mahiyyətindən danışan İlham Əliyev demişdir: “Birinci Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi, hesab edirəm ki, sadəcə olaraq idman məsələsi deyil. Bu, eyni zamanda, dediyim kimi, bizim multikulturalizmə, millətlərarası münasibətlərə verdiyimiz dəyərli töhfə olmuşdur. İki ildən sonra - 2017-ci ildə isə Bakıda İslam Həmrəylik oyunları keçiriləcəkdir. Bax, bu iki hadisə əslində Azərbaycanın hansı mövqelərə malik olduğunu əyani şəkildə göstərir”.

Həmin konfransda ICESCO-nun direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın dövlət ordeni olan “Dostluq” ordeni ilə təltif edildi.

Öz çıxışında rəhbərlik etdiyi təşkilatın təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən danışan əl-Tuveycri ICESCO-nun 2016-2018-ci illər üçün tədbirlər planında üç strateji məqsədin qarşıya qoyulduğunu bildirdi. Qeyd etdi ki, bunlar gənclərin İslam aləmində davamlı inkişafa səfərbər olunması üzv dövlətlərin təhsil, elm, mədəniyyət və ünsiyyət sahəsində yürütdükləri siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin təşviqi, əsas diqqətin insan hüquqlarının, mədəniyyətin təbliğinə, sosial ədalətə və birgə yaşayışa hörmətlə yanaşılmasına yönəltməkdən ibarətdir. ICESCO-nun baş direktoru müasir dünyada və müsəlman aləmində baş verən hadisələrə də münasibət bildirərək dedi: “...Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk... Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir... Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır”.

Konfransda həmçinin bildirildi ki, müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq, qəbul ediləcək qərarlar isə İslam ölkələri arasında əməkdaşlığın daha dərinləşməsinə töhfə verəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.