Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyi
Mədəniyyət

Milli Qəhrəman Mübariz İbrahimovun Ev Muzeyi

Əliabad kəndində  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev Muzeyinin açılış mərasimi ilə   əlaqədar tədbir keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, hüquq-mühafizə  orqanlarının  rəhbərləri, Əliabad kənd ictimaiyyətinin  nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları iştirak etdilər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, Azərbaycan xalqı, bütün türk dünyası elimizin qəhrəman oğlu Mübariz Ağakərim oğlu İbrahimovla fəxr edir. Qəhrəmanın keçdiyi döyüş yolu, onun qəhrəmanlığı gənclərimizə örnəkdir.  Rayon  rəhbəri  qeyd  etdi  ki,  Mübariz  İbrahimov torpaqlarımızın  müdafiəsi  zamanı  göstərdiyi  şücaətlə  Azərbaycan  əsgərinin  nəyə  qadir  olduğunu  bütün  dünyaya  sübut  etdi.  Qısa  ömür  yaşasa  da  canını  vətən  yolunda  fəda  etməsi  ilə  özündən  sonra  böyük  bir  igidlik,  mübarizlik  məktəbi  qoydu.  Mübarizdə  olan  Vətən, torpaq  sevgisi, vətənpərvərlik  ruhu  onu  şəhidlik  zirvəsinə  ucaltdı. Çıxış edənlər M. İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin ondan bir örnək dərsi aldıqlarını qeyd etdilər. Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qeyd etdi  ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır.

Tədbir iştirakçıları həmin gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan qardaşı oğlu, balaca Mübariz İbrahimovu 3 yaşının tamam olması münasibətilə təbrik edib,  ona   böyük  Allahdan Mübarizin   layiqli  davamçısı  olmasını  arzuladılar.
Tədbirdə məktəblilərin ifasında kompozisiya səsləndirildi. Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə yaxından tanış oldular.

Görüş  zamanı   Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov  onların  ailəsinə  göstərilən  yüksək  diqqət  və  qayğıya  görə   ailəsi  adından   Azərbaycan  Respublikasının     Prezidenti   İlham  Əliyevə  minnətdarlıqlarını  bildirdi.

 Ərəstun ABDULOV,

“Respublika”.